Proqressivləşən boru hamiləliyi


Digərləri 20 İyl 2021 08:35:00 132 0

Proqressivləşən boru hamiləliyi

Boru hamiləliyinin bu formasında kliniki simptomatikanın azlığına görə erkən mərhələdə diaqnoz qoymaq çətinlik törədir. Çünki orqanizmdə gedən dəyişikliklər hamiləliyinin erkən müddətindəki dəyişikliklərə bənzəyir. Hamiləliyin şübhəli əlamətləri (ürəkbulanma, qusma, iybilmə hissiyyatındakı dəyişikliklər, yuxululuq, əsəbilik, zəiflik) və ehtimal olunan əlamətlər (aybaşının ləngiməsi, süd vəzilərində şişkinlik), qeyd olunur. Ona görə də uşaqlıqdankənar hamiləliyə erkən müddətdə diaqnoz qoymaq həddindən artıq çətin olur. Lakin bununla belə, uşaqlıqdankənar hamiləlik üçün səciyyəvi olan əlamətlər aşağıdakılardır: *uşaqlığın böyüməsi hamiləliyin müddətinə uyğun olmur *uşaqlıq artımları birtərəfli böyüyür *xorionik qonadotropinin qanda miqdarı uşaqlıq hamiləliyinin anoloji müddətindən aşağı olur *təkrar ginekoloji müayinədə uşaqlığın ölçülərinin böyüməməsi qeyd olunur. Proqressivləşən boru hamiləliyində qarnın aşağı hissəsində vaxtaşırı tutmaşəkilli ağrılar, subfebril hərarət, EÇS-in sürətlənməsi qeyd olunur. Diaqnozun qoyulmasında aybaşının gec başlanması, onların qeyri-müntəzəmliyi, uzunmüddətli sonsuzluq və sairə qadın xəstəliklərinin olması mühüm rol oynayır. Bu cür hamiləliyə şübhəli olan xəstələr mütləq stasionara yerləşdirilməli və mütləq nəzarət altında saxlanılmalıdır. Çünki qəfil hamiləliyin pozulması baş verə bilir ki, bu da qanaxmalarla müşayiət olunur. Əgər hamiləlik borunun istmik hissəsində inkişaf edərsə massiv qanaxma və şokla müşaiyət olunur. Əgər vaxtında müdaxilə olunmazsa bu, uşaqlıq borusunun partlaması ilə nəticələnə bilər.

Mill.Az