Azərbaycan yeni “Əməkdaşlıq Bəyannaməsi”ni dəstəklədi


Digərləri 18 İyl 2021 17:06:00 111 0

Azərbaycan yeni “Əməkdaşlıq Bəyannaməsi”ni dəstəklədi

Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 19-cu iclasında gündəlik xam neft hasilatının 2021-ci ilin avqust-dekabr aylarında hər ay 400 min barrel artırılmasına, gələn ilin mayından etibarən neft hasilatının baza səviyyəsinə qismən düzəlişlər edilməklə "Əməkdaşlıq Bəyannaməsi"nin müddətinin 2022-ci ilin sonunadək uzadılmasına dair qəbul edilmiş qərarı Azərbaycan da dəstəkləyib.

Energetika Nazirliyindən bildirilib ki, yeni "Əməkdaşlıq Bəyannaməsi" Azərbaycanda gündəlik xam neft hasilatının avqustdan ilin sonunadək hər ay müvafiq həcmdə artırılmasını, ixtisarlarla bağlı öhdəliklərinin də uyğun şəkildə azaldılmasını nəzərdə tutur. 2022-ci ilin mayından ilin sonunadək isə Azərbaycanın neft istehsalı üzrə öhdəliklərin hesablanması mövcud baza əsasında davam etdiriləcək. Yəni, ölkəmizdə 2018-ci ilin oktyabrındakı 718 min barellik gündəlik xam neft hasilatı gələn il də hasilat səviyyəsinin müəyyənləşdirilməsində baza olaraq qalacaqdır.

İclasda iştirak edən energetika naziri Pərviz Şahbazov "OPEC+"un qlobal neft bazarının balanslaşdırılması prosesinə töhfə verəcək bu yeni qərarına Azərbaycanın dəstəyini ifadə edib.

Qeyd edək ki, yeni razılaşma, "OPEC+" ölkələri üzrə mövcud 5,8 milyon barel həcmində ixtisarların 2021-ci ilin sonunadək 2 milyon barel azaldılmasını nəzərdə tutur.