Şəhid mayor Fərid Ələkbərovun xatirəsi anılıb FOTO


Digərləri 18 İyl 2021 16:47:00 139 0

Şəhid mayor Fərid Ələkbərovun xatirəsi anılıb  FOTO

Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan igid oğullarımızdan biri də Azərbaycan Silahlı Qüvvələrinin mayoru Ələkbərov Fərid Tahir oğludur. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə "Vətən uğrunda", "İgidliyə görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunmuş Fərid Ələkbərovun bu gün doğum günüdür.

Son.az xəbər verir ki, bununla əlaqədar iyulun 18-də şəhidin ailə üzvləri, hərbçi yoldaşları, Müdafiə Nazirliyinin əməkdaşları, rayon icra hakimiyyətinin rəhbərliyi və ictimaiyyətin nümayəndələri qəhrəman zabitin İkinci Fəxri xiyabandakı məzarını ziyarət ediblər.

Mayor Fərid Ələkbərovun xatirəsinin yad olunması məqsədilə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində "Şəhidlər ölməz, Vətən bölünməz" mövzusunda anım mərasimi keçirilib.

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin rəis müavini polkovnik Emin Səfərov mayor Fərid Ələkbərovun müəllim kimi hərbi məktəbdə fəaliyyətindən geniş söhbət açıb, onun həm peşəkar hərbçi, həm də əsl pedaqoq olaraq tələbələri tərəfindən sevildiyini bildirib. Natiq çıxışında Fərid Ələkbərovun 2014-cü ildən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində artilleriya bölməsi üzrə baş müəllim vəzifəsində çalışaraq kapitan rütbəsindən mayora qədər yüksəldiyini, 2018-ci ildən baş zabit vəzifəsinə təyin olunduğunu diqqətə çatdırıb.

Şəhidimizin tələbə yoldaşı, ehtiyatda olan polkovnik-leytenant Mikayil Məmmədov qardaş Türkiyə Cümhuriyyətində Fəridlə birlikdə keçirdiyi tələbəlik illərindən danışıb.

Mərasimdə çıxış edən şəhidin qardaşı Rüfət Ələkbərov və anası Şükufə Hüseynova Fəridlə bağlı xatirələrini bölüşüb, ürək sözlərini və arzularını gənc zabitlərə çatdırdılar.