Unudulan deputatlar Qardaşından prezidentliyə namizəd olduğuna görə küsən məşhur yazıçı… FOTOlar


Digərləri 18 İyl 2021 16:07:00 366 0

Unudulan deputatlar  Qardaşından prezidentliyə namizəd olduğuna görə küsən məşhur yazıçı…  FOTOlar

Son.az modern.az-a istinadla Milli Məclisdə necə fəaliyyət göstərməsindən asılı olmayaraq, yaddan çıxan, unudulan keçmiş deputatları bir daha sizə xatırladır.

Maqsud İbrahimbəyov Azərbaycanda kifayət qədər tanınmış, nüfuzlu şəxslərdən biri idi.  

Xalq yazıçısı, kinodramaturq və rejissor, Azərbaycan Dövlət mükafatı laureatı, Əməkdar incəsənət xadimi, "Əsilzadələr Məclisi"nin sədri, Azərbaycan Sülh Komitəsinin prezidenti, Yazıçıların beynəlxalq PEN klubunun rəhbəri, ABŞ-ın Luiziana Ştatının fəxri senatoru, ABŞ-ın Minneapolis şəhərinin fəxri vətəndaşı,  "Şöhrət", "İstiqlal", "Şərəf" ordenləri ilə təltif olunmuş sabiq deputat...

Onlarca bədii və publisistik kitabın, 18 bədii və 7 sənədli filmin ssenarisinin, tamaşaya qoyulmuş 8 pyesin müəllifi...

Maqsud İbrahimbəyovun ssenarisi əsasında çəkilmiş "Bizim Cəbiş müəllim", "Uşaqlığın son gecəsi" filmləri Azərbaycanda ən çox baxılan ekran əsələrindəndir.

Bu iki ekran əsəri ilə yanaşı, onun ssenariləri əsasında çəkilmiş "Yarımçıq qalmış serenada", "Truskavetsə kim gedəcək?", "Gözəl bir gündə", "Sonunucu intervü", "Bayquş gəldi", "Qızıl reys", "Axırı yaxşı qurtaran əhvalat", "Bakı müharibə illərində" filmləri də ölkə kinematoqrafiyasının qızıl fonduna daxil olub.

"Mezozoy əhvalatı", "Sən nəğməmsən mənim", "Truskavetsə kim gedir?", "Bütün yaxşılıqlar üçün - ölüm!", "Ondan yaxşı qardaş yox idi", "Qoy o bizimlə qalsın", "Bayquş gəldi", "Kərgədan buynuzu", "Axırı yaxşı qurtaran əhvalat" kimi əsərlər də onun qələmindən çıxıb.

Bu filmlər və əsərlərin tamaşaçı və oxucularının sayı milyonlarladır. Onu həm Azərbaycanda, həm də xaricdə tanıyır, fəaliyyətini yüksək qiymətləndirirdilər.

Bir çox əsərlərində yazıçı ümumbəşəri problemlər kontekstindən çıxış edərək, öz ənənələri ilə güclü olan Şərq insanının həyat tərzini göstərib. Maqsud İbrahimbəyovun yaradıcılığında Azərbaycan xalqının milli xüsusiyyətləri, adət-ənənələri, xüsusilə Bakının özünəməxsus koloritinin təsviri də əksini tapıb.

Onun nəsr əsərləri 40-a yaxın xarici dilə tərcümə olunub.

Maqsud İbrahimbəyov 1985-2010-cu illərdə Azərbaycanda parlamentin deputatı olub. Müstəqil Azərbaycanda üç çağırış Milli Məclisin üzvü olub - 1995, 2000-ci illərdə 20 saylı Suraxanı ikinci seçki dairəsindən, 2005-ci ildə isə 85 saylı Şamaxı seçki dairəsindən deputat seçilib. Bitərəf idi.

Maqsud Məmmədibrahim oğlu İbrahimbəyov 1935-ci il mayın 11-də Bakı şəhərində anadan olub. Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsini (1955-1960), Moskva Ali Ssenari Kursunun ssenariçi fakültəsini (1962-1964) və Ali Rejissorluq Kursunun rejissorluq fakültəsini (1971-1973) bitirib.

Hələ tələbəlik illərində Politexnik İnstitutunun "Politexnik" qəzeti ilə əməkdaşlıq edib, müxtəlif mövzulu yazıları çap olunub.

1959-cu ildən Azərbaycan Tikinti Nazirliyinin tikinti trestində iş icraçısı vəzifəsində çalışıb. 1964-1971-ci illərdə Ümumittifaq Radio və Televiziya Verilişləri Komitəsinin Azərbaycan üzrə xüsusi müxbiri işləyib.

O, hələ sovet dövründə 11-ci və 12-ci çağırış Azərbaycan SSR Ali Sovetinin üzvü olub. Azərbaycan müstəqillik qazanandan sonra isə üç dəfə parlamentin deputatı seçilib.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komissiyasının üzvü olub.

M.İbrahimbəyov iki dəfə ailə həyatı qurub. Birinci evlilikdən onun bir oğlu dünyaya gəlib - Murad İbrahimbəyov. Oğlu, 1965-ci il təvəllüdlü Murad İbrahimbəyov Rusiya Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsini bitirib. Hazırda Rusiyada ssenarist və rejissor kimi fəaliyyəti göstərir.

Maqsud İbrahimbəyov ikinci dəfə 1982-ci ildə Pribaltikdan olan model, sənətşünas Anna Yuryevna ilə ailə həyatı qurub və vəfatınadək onunla birlikdə yaşayıb.

Anna Yuryevna Maqsud İbrahimbəyovla bağlı xatirələrində onunla necə tanış olmağlndan bəhs edərkən bildirib:

"O vaxt, yəni 1982-ci il yayın sonlarında Bakıya SSRİ Xalq rəssamı Tahir Salahov və xanımının dəvəti ilə qonaq gəlmişdim. Onlar Bilgəhdəki kardioloji sanatoriyaya mənim üçün 10 günlük "putyovka" düzəltmişdilər. Elə bir yer seçmişdik ki, tanışlardan heç kəslə görüşməyim və işləməyim üçün münbit şərait olsun. Elə ilk gecə Tahir məni öz bağına dəvət etdi və təsadüfən Maqsud da gəlib çıxdı. Və hər şey ordan başladı... Maqsudla elə ilk söhbətdən sonra dünyada belə insanların varlığına görə xoşbəxt olduğumu hiss etdim. O qədər hazırcavab, reaktiv, pafossuz və hər hansı bir stereotipi olmadan, daxildən azad, hər şeyə dair öz fikirləri olan biri idi... Düşünürəm ki, onu görən kimi aşiq oldum... Həmin gün Tahirin emalatxanasında gecələdim, səhər Maqsud gül dəstəsi ilə gəldi. Onu görən Tahir qaşlarını çatıb dedi: "Anna, ilk dəfədir Maqsudu əlində gül dəstəsi ilə görürəm. Deyəsən, bu çox ciddi məsələdir"...

...Moskvaya qayıtdığımda rejissor rəfiqəm qəribə olduğumu anladı. Dedim ki, "aşiq olmuşam". Biz sentyabrda tanış olduq, dekabrda isə ailə qurduq. Mən işimi, hər şeyi atdım və buraya gəldim. Sadəcə başa düşdüm ki, həyatımı ona həsr edə bilərəm - ona kömək edə bilərəm, onun məişət işlərini görə bilərəm. Ona xidmət etmək istəyirdim. Çünki o dahi insan, dahi yazıçı idi...

O, ümumiyyətlə, insanları çox sevirdi, məclisləri sevirdi, evində qonaq qarşılamağı, hay-küyü sevirdi. Hər həftəsonu, hətta deyərdim ki, evliliyimizin ilk dövründə az qala hər gün evimiz qonaqlarla dolardı. Bakıda ilk videomaqnitofonlardan biri bizdə olub. Birlikdə ekran qarşısına toplaşıb filmlərə baxırdıq. Yeyib-içirdik, kabab çəkirdik. Qonşu bağlardan uşaqlar ağbalıq gətirirdilər, şişə çəkirdik. Maraqlı keçirdi, amma belə şeylərə öyrəşməmişdim axı. Mən sakitlik sevirdim, hüzur sevirdim. Bir tərəfə çəkilib kitab oxumaq istəyirdim, mümkün deyildi. Deyirdim, ay Maqsud, sən necə işləyirsən, necə vaxt tapırsan yazmağa? O vaxt telefonlar normal işləmirdi, mobil telefon ümumiyyətlə yox idi. İstənilən anda qapı döyülə, kimsə qonaq gələ bilərdi. Yaxınlıqdan keçəndə, deyiblər, gedək bir Maqsuda baş çəkək. Və bu, mütləq qonaqlıqla bitirdi...

Maqsud istənilən vaxt ABŞ-a problemsiz viza ala və istədiyi vaxt ABŞ vətəndaşlığını qəbul edə bilərdi, amma onun üçün Bakıdan başqa doğma yer yox idi. Hara getsək, uzağı 10 gündən sonra Bakı üçün darıxırdı. Bakısız yaşaya bilmirdi...".