Pandemiya dünyada aclıq problemini daha da dərinləşdirib


Dünya 14 İyl 2021 21:25:00 134 0

Pandemiya dünyada aclıq problemini daha da dərinləşdirib

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dünyada ərzaq məhsulları təhlükəsizliyinə dair hesabatına əsasən, 2020-ci ildə dünyadakı aclıq problemi daha da dərinləşib və koronavirus pandemiyası aclıqdan əziyyət çəkən insanların sayını artırıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, ötən il dünya əhalisinin təxminən 10 faizinin (720 milyon - 811 milyon arası insan) gündəlik qidası normadan aşağı olub və bu göstərici 2019-cu illə müqayisədə təxminən 70 milyonla 161 milyon nəfər aralığında artıb. Həyəcan təbili çalan beynəlxalq qurumun məlumatına görə, dünyada aclıq çəkən insanların sayı hər il orta hesabla 0,1-0,2 faiz artırdısa, bu rəqəm ötən il antirekord müəyyən edərək təxminən 1,5 faizə çatıb.

Beynəlxalq ekspertlər dünyada aclıq çəkən insanların sayının sürətli artımını ilk növbədə koronavirus pandemiyası ilə əlaqələndiriblər. Dünyanın bir çox ölkələrində iqtisadi durğunluğa səbəb olan pandemiya insanların iş və gəlir mənbələrini itirməsinə səbəb olub, beləliklə də yetərincə ərzaqla təmin olunmasının qarşısını alıb. Aclıq səviyyəsi ən ağır formada Afrika ölkələrində yüksəlib. Somali dünya ölkələri arasında əhalisinin kütləvi aclıqdan ən çox əziyyət çəkən ölkəsidir (əhalinin 59,5 faizi). Sonrakı yerləri Mərkəzi Afrika Respublikası (48,2 faiz), Haiti (46,8 faiz), Yəmən (45,4 faiz) Madaqaskar (43,2 faiz) və Şimali Koreya (42,4 faiz) tuturlar.

Aclıq çəkənlərin mütləq sayına görə isə antirekorda Hindistan başçılıq edir. Bu ölkədə əhalinin 208,6 milyon nəfəri kütləvi aclıq problemi ilə üz-üzədir.