Ağ cırtdanın cazibə qüvvəsi qonşu ulduzun formasını dəyişib


Digərləri 14 İyl 2021 20:33:00 189 0

Ağ cırtdanın cazibə qüvvəsi qonşu ulduzun formasını dəyişib

Astronomlar Əkizlər bürcündə qeyri-adi qoşa ulduz aşkar ediblər. Onlardan biri qonşunun cazibə qüvvəsinin təsiri altında damcı formasını alıb. Yetmiş milyon ildən sonra onlar qovuşacaq və nəticədə ifrat yeni partlayış baş verəcək. Tədqiqatın nəticələri "Nature Astronomy" elmi jurnalında dərc edilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, tədqiqatın müəliflərindən biri, Vorvik Universitetinin elmi işçisi İndqrid Pelisolinin fikrincə, ağ cırtdan qonşunun plazmasının onun səthinə birbaşa axması üçün kifayət qədər çox materiya uda bilər. Əgər bu baş verməsə, onda ulduzlar tədricən yaxınlaşacaq və qovuşacaq. İstənilən halda ifrat yeni partlayış baş verəcək.

Astronomlar öz enerji mənbələri olmayan, "yanmış" kiçik ulduzların nüvəsini ağ cırtdan adlandırırlar. Onlar Günəşdən on dəfədən çox ağır olmayan ulduzların ömrünün son mərhələsində meydana gəlir. Belə ulduzlar ifrat yeni formada partlamır, lakin öz xarici qabığını tullayır. Nəticədə dumanlıq yaranır, onu da əvvəlki nüvə içəridən "işıqlandırır".

Ağ cırtdanların kütləsi Çandrasekar həddini ötə bilməz. Ona çatdıqda "yanmış" ulduzun nüvəsinin materiyası elə sıxlaşır ki, onun atomları mövcud olmur və neytron ulduza çevrilir. Ənənəvi olaraq hesab edilir ki, bu hədd Günəşin kütləsindən təqribən 1,44 dəfə çoxdur, lakin onun dəqiq qiyməti müəyyən edilməyib.

Demək olar, bütün ağ cırtdanlar həmin həddən çox uzaqdır. Lakin bu cür yanmış qoşa ulduzların, habelə ağ cırtdanın və adi ulduzun qovuşması nəticəsində həmin hədd üstələnir. Nəticədə birinci tip ifrat yeni güclü termonüvə partlayış baş verir və hər iki ulduzun, demək olar, bütün materiyası işığa və enerjiyə çevrilir.