Azərbaycanda və Qazaxıstanda islam maliyyələşməsinin artımı


Digərləri 14 İyl 2021 17:40:00 144 0

Azərbaycanda və Qazaxıstanda islam maliyyələşməsinin artımı

Sahənin ən nüfuzlu beynəlxalq jurnalı - The Banker 2020-ci ildə Qlobal maliyyə sənayesinin trendləri və tendensiyaları icmalında islam maliyyələşməsinin təkcə Yaxın Şərq, Asiya və Afrika ölkələrində deyil, Avropada və onun hüdudlarından kənarda da baş verən böyük coğrafi ekspansiyasını qeyd edirdi. Bir çox ölkələrdə insanların İslam maliyyələşməsi haqqında məlumatlılığının artması yaxşılaşan infrastruktur və bir çox ölkələrdə tənzimləmənin təkmilləşdirilməsi ilə birlikdə bütün dünyada islam maliyyəsi seqmentinin inkişafına güclü təkan verir. The Banker-in hesablamalarına görə, 2020-ci ildə islam aktivlərinin qlobal həcmi 2019-cu illə müqayisədə 8,2% artıb və 1,79 trilyon ABŞ dollarına çatıb. The Banker ekspertləri MDB ölkələrində, xüsusən Qazaxıstanda və Azərbaycanda islam maliyyələşməsi sektorunun böyük inkişafını gözləyirlər. Ölkəmizdə islam bankçılığı on il əvvəl, 2012-ci ildə Azərbaycan Beynəlxalq Bankı korporativ və fərdi müştərilərinin maliyyələşdirilməsi üçün "islam pəncərəsini" açdığı zaman inkişaf etməyə başlayıb. Ədalət naminə qeyd etmək lazımdır ki, ölkəmizdə islam bankçılığının inkişafı arzuolunan sürətlə getmir. Belə ki, iki il əvvəl beynəlxalq Moody's agentliyinin analitikləri MDB ölkərində islam bankçılığının inkişaf perspektivləri haqqında hesabatlarında qeyd edirdilər ki, "dövlətin sektorun inkişafına qətiyyətli müdaxiləsi olmadan onun inkişafı məhdud olacaq".

Amma bu yaxınlarda Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin rəhbəri Orxan Məmmədov bildirib ki, ölkə hökuməti ölkədə islam maliyyələşməsi seqmentinin inkişafı üzrə qarşıya dəqiq vəzifələr qoyub və bu vəzifələr həll edilib - Azərbaycan islam maliyyələşməsi seqmentinin inkişafına tam hazırdır. "Bu, milli iqtisadiyyatın alternativ gəlir mənbəyi üçün effektiv alət olacaq", deyə cənab Məmmədov qeyd edib.

Azərbaycanda islam maliyyəsi seqmentinin inkişafı üçün ekosistemin qurulmasında Qazaxıstanın təcrübəsi diqqətəlayiqdir, burada "Astana" Beynəlxalq Maliyyə Mərkəzinin (ABMM) bazasında artıq bu seqmentin tənzimlənməsi və ABMM birjasında islami və "yaşıl" qiymətli kağızların (sukuk) (məsuliyyətli investisiya prinsiplərinə uyğun olan layihələrə kapital cəlb edilməsi üçün qiymətli kağızlar) buraxılması üçün şərait yaradılıb.

Məqalədə ABMM-də islam kapitallarının cəlb edilməsi üçün sistemin necə yaradıldığı və bunun Azərbayan şirkətlərinə hansı faydalarının ola biləcəyi haqqında məlumat veriləcək.

İslam maliyyələşməsinin artması üçün əsas müsəlman əhalinin sayının artmasıdır. Bu gün dünyada 1,8 mlrd. insan və ya dünya əhalisinin təxminin 24%-i müsəlmandır. Bu rəqəmin artacağı və 2050-ci ilə qədər Yer üzərində artıq 2,76 milyard və ya planetin bütün əhalisinin təxminən üçdə biri qədər müsəlman  yaşayacağı gözlənilir. Həmçinin, islam maliyyələşməsi modelinin ənənəvi maliyyələşmə modeli ilə müqayisədə xarici sarsıntılara daha dayanıqlı olması faktı da kifayət qədər əhəmiyyəlidir. Və bu, 2008-ci il böhranı dövründə aydın şəkildə göründü, həmin vaxt bir çox investorlar, o cümlədən müsəlman ölkələrindən olan investorlar islam maliyyələşməsi alətlərinə diqqət yetirdilər - belə ki, 2008-ci ildən 2013-cü ilə qədər bütün dünyada islami qiymətli kağızların (sukuk) buraxılması beş dəfədən çox artıb. Qazaxıstan qanunvericilik səviyyəsində islam bankçılığının inkişafında, həmçinin  Mərkəzi Asiya və MDB-də islam maliyyəsinin inkişafı prosesində mühüm rol oynayır. 2009-cu ildə MDB-də ilk dəfə olaraq Qazaxıstan islam bank işi haqqında qanunvericilik işləyib hazırlayıb və bu sahənin inkişafı üçün hüquqi baza yaradıb. 2011-ci ildə Qazaxıstanın islam maliyyəsi sahəsində qanunvericilik aktlarının təkmilləşdirilməsinə başlanıb və sukuk buraxılması üçün hüquqi baza yaradılıb. Amma həmin vaxt islam maliyyələşməsinin inkişaf mexanizmlərini mərkəzləşmiş şəkildə işləyib hazırlayacaq və beynəlxalq investorlar üçün cəzbedici meydan olacaq bir təşkilat yox idi. 2018-ci ildən etibarən "Astana" Beynəlxalq Maliyyə Mərkəzi (ABMM) belə bir təşkilat rolunu oynayır.

ABMM Yaxın Şərq, Avropa və Asiya ölkələri arasında islam maliyyələşməsinin regional hablarından biridir. Bunun üçün maliyyə mərkəzinin bazasında zəruri infrastruktur və beynəlxalq təcrübə və standartlara uyğun normativ-hüquqi baza yaradılıb. Belə ki, məsələn, ABMM birjasında - Astana İnternational Exchange-də (AİX) - həm ənənəvi, həm də "yaşıl" islami qiymətli kağızların (sukuk) buraxılması üçün hər cür şərait yaradılıb. ABMM Mərkəzi Asiya regionunda biznesə islam bankçılığı alətlərinə çıxış verən ilk meydan olub. ABMM-də kifayət qədər yumşaq və rahat vergi rejimi tətbiq edilir. Lisenziyalaşmış maliyyə şirkətləri korporativ gəlir vergisi və ƏDV ödənişindən azad olur. Eyni zamanda, 2023-cü ilin noyabrına qədər ABMM-də islam banklarının nizamnamə kapitalı ilə bağlı azaldılmış tələblər qüvvədədir - əvvəllər bank 10 mln. dollar ölçüsündə nizamnamə kapitalına malik olmalı idisə, indi bu rəqəm 5 mln. dollar təşkil edir.

Maliyyə Mərkəzində presedent ümumi ingilis hüququ çərçivəsində mübahisələri həll edən ABMM Məhkəməsi və beynəlxalq arbitraj məhkəməsi fəaliyyət göstərir. Beynəlxalq investorlar bu hüquq sisteminə etibar edir, ilk növbədə ona görə ki, o, investorların maraqlarını müdafiə edir. Bütün müqavilələr ingilis hüququ müstəvisində bağlanır və bu, investorlara əlavə əminlik verir. Məsələn, ABMM-də Qatarın islam bankı - "Al Rayan" qeydiyyatdadır. Ötən il Qatarın digər islam bankı - Qatar İnternational İslamic Bank 500 mln. ABŞ dolları məbləğində islami qiymətli kağızların (sukuk) krpss-listinqi prosedurunu həyata keçirib. ABMM ərazisində ümumilikdə islam maliyyələşməsi sahəsində xidmət göstərən 40-dan çox şirkət var. Bu, Qatar, Bəhreyn, ABŞ, Böyük Britaniya, Malayziya, Rusiya, Qazaxıstan, Misir və digər ölkələrin biznesidir.

"Yaşıl" islam maliyyəsi.

2020-ci ildə AİX-in rəsmi siyahısına İslam İnkişaf Bankının 4,5 mlrd. dollarlıq 3 sukuku, o cümlədən "yaşıl" sukukları daxil edilib. Ümumilikdə, qlobal biznes ictimaiyyətinin məsuliyyətli investisiya mövzusuna artan diqqətini nəzərə alsaq, yaşıl maliyyə seqmenti kifayət qədər sürətlə inkişaf etməlidir. Dünya ekspertləri bir qanunauyğunluğu qeyd edir - investorlar nə qədər gəncdirsə, onlar üçün təkcə gəlir əldə etmək deyil, həm də ətraf mühitə qarşı məsuliyyətli davranmaq çox vacibdir. Hazırda gənc nəsil fəal şəkildə investisiya yaşına daxil olur - deməli, məsuliyyətli investisiya prinsiplərinin rolu yalnız artacaq. Və bu, bütün kateqoriyalardan olan investorlar, o cümlədən islam maliyyələşməsi seqmentində işləyənlər üçün ədalətlidir.

ARAYIŞ

"Astana" Beynəlxalq Maliyyə Mərkəzi (ABMM) 2018-ci ildə yaradılıb. Əsas fəaliyyət istiqamətləri kapital bazarlarının inkişafı, fiziki şəxslərin aktivlərinin və rifahının idarə edilməsi, islami və "yaşıl" maliyyə seqmentlərinin, habelə yeni maliyyə texnologiyalarının inkişafıdır. Bu gün dünyanın 50-dən çox ölkəsindən 860-dan çox şirkət ABMM-nin iştirakçısıdır. Maliyyə Mərkəzi çərçivəsində mübahisələri ingilis hüququ müstəvisində həll edən ABMM və Beynəlxalq Arbitraj Mərkəzi fəaliyyət göstərir. Qiymətli kağızlar təcrübəli və nüfuzlu beynəlxalq oyunçuların dəstəyi ilə yaradılmış ABMM birjasında - Astana İnternational Exchange-də (AİX) yerləşdirilir. Şanxay Fond Birjası (Shanghai Stock Exchange), hərraclar üçün texniki platforma verən Amerikanın NASDAQ birjası, Goldman Sachs beynəlxalq maliyyə korporasiyası, habelə "Zolaq və yol" təşəbbüsü çərçivəsində layihələrə çıxış verən İpək Yolu Fondu onun əsas strateji tərəfdaşlarıdır.