76 şəhid övladı bir araya gəldi


Digərləri 05 İyl 2021 12:21:00 128 0

76 şəhid övladı bir araya gəldi

Bakıda şəhid övladları üçün "Qaliblər düşərgəsi" fəaliyyətə başlayıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki,  13-14 yaşlı 76 yeniyetmə üçün nəzərdə tutulmuş düşərgənin məqsədi şəhid övladlarının intellektual və emosional inkişafına dəstək olmaq, onların yay tətilini daha da maraqlı və yaddaqalan etməkdir.

Şüvəlan qəsəbəsi Humanitar Fənlər Təmayüllü Gimnaziyada 14 gün davam edəcək düşərgədə müxtəlif mövzuları əhatə edən təlimlər, fərdi dərslər, əyləncəli və intellektual oyunlar, idman və incəsənət sahələri üzrə dərslər təşkil olunacaq. Bundan başqa, Bakı şəhərinin görməli yerlərinə ekskursiyalar planlaşdırılır.

Layihə çərçivəsində yeniyetmələr tanınmış ictimai xadimlər, idman, təhsil və mədəniyyət sahəsinin məşhur simalar ilə də görüşəcəklər.

Düşərgənin açılış mərasimində çıxış edərək layihənin əhəmiyyətinə toxunan Təşkilat komitəsinin sədri, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov dövlətin şəhid ailələrinə daim qayğı göstərdiyini bildirib: "Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman Vətən övladlarının yadigarları olan uşaqlar hər birimiz üçün əmanətdir. Dövlət qurumlarının bu layihədə iştirakı təqdirəlayiq haldır".

Açılış mərasimində "Qaliblər düşərgəsi"nin Əməliyyat Komitəsinin rəhbəri, Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Elnur Kələntərov tədbir iştirakçılarına layihənin hazırlıq prosesində görülmüş işlər barədə ətraflı məlumat verib.

Son.az