Azərbaycandan pul qazanmaq istəyənlər BİLMƏLİDİRLƏR


Digərləri 02 İyl 2021 17:02:00 111 0

Azərbaycandan pul qazanmaq istəyənlər BİLMƏLİDİRLƏR

"Ələt Azad İqtisadi Zonası Azərbaycanın samballı gəlir gətirəcək ən mühim qeyri-neft infrastrukturlarından biri olacaq. Çünki təməlqoyma mərasimində verilən məlumatlar, Prezident İlham Əliyevin bu azad iqtisadi zonanın gələcək fəaliyyəti və verəcəyi faydalarla bağlı dediyi fikirlər xeyli müzakirələrə yol açıb, böyük bir perespektivdən və gələcəkdən xəbər verir".

Bunu Son.az-a açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

Ekspert bildirib ki, Ələt Azad İqtisadi Zonası xarici investorların strategiyalarında tamami ilə yeni bir istiqamət olacaq:

"Azərbaycanın Ələt azad iqtisadi zonası layihəsini uğurla həyata keçirməsi bir neçə cəhətdən əlamətdar bir hadisədir. Çünki hamımız bilirik ki, Azərbaycanın açıq dənizlərə birbaşa çıxışı yoxdur və dünya təcrübəsi də göstərir, Prezident də bu amili çox dəqiq qeyd etdi ki, açıq dənizlərə birbaşa çıxışı olmayan ölkələrdə adətən azad iqtisadi zona layihələri o qədər də uğurlu nəticələr vermir, amma açıq dənizə çıxışı olmayan ölkələrin timsalında bu zonaların ən uğurlu nümunəsini yaratmaq şansına malikdir. Azərbaycanın buna nail olmaq şansı çox realdır, çünki bizim açıq dənizlərə çıxışımız olmasa da ölkəmiz müxtəlif beynəlxalq, regional nəqliyyat-tranzit dəhlizlərinin qovşağında yerləşir. Şimal-Cənub, Şərq-Qərb, Cənub-Qərb və s. beynəlxalq dəhlizlərin Azərbaycandan keçməsi həm ölkə üçün indiyə qədər geniş imkanlar yaradıb, həm də azad iqtisadi zona layihəsinin uğurlarını təmin edəcək imkanlardan biridir. Açıq dənizlərə çıxışı olmayan bir ölkə olan Azərbaycan üçün bu qədər beynəlxalq nəqliyyat və logistika dəhlizlərinin qovşağında yerləşmək əslində açıq dənizə çıxışın olmaması kimi zəif, yaxud da çatışmayan cəhətin tam şəkildə kompensasiya edilməsi deməkdir. Başqa sözlə desək, Azərbaycanın indiyə qədər icra etdiyi müxtəlif beynəlxalq layihələr, müxtəlif dəhlizlər azad iqtisadi zonanın uğurlu bir layihə olacağını bu başdan söyləməyə imkan verir.