Bilgəhdə daha bir çimərlik bağlanır?


Digərləri 29 İyn 2021 12:59:00 176 0

Bilgəhdə daha bir çimərlik bağlanır?

Bakının Sabunçu rayonu, Bilgəh qəsəbəsində daha bir ictimai çimərliyə giriş bağlanıb.  

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı vəkil Aslan İsmayılov sosial şəbəkə hesabında video paylaşıb. O iddia edib ki, Xəzər dənizinin açıq qalan sonuncu çimərliklərindən birini - Bilgəh, Kardioloji Sanatoriyasının çimərliyini insanların üzünə bağlayırlar. Görüntülərdən də aydın olur ki, çimərlikdə təmir gedir, ərazidə ekskavatorlar qazıntı işləri aparırlar. 

Sabunçu rayon İcra Hakimiyyəti başçısının Bilgəh qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Vüqar Əsədov isə "Qafqazinfo"ya məsələ ilə bağlı bunları deyib: "Mən dünən orada olmuşam, həmin çimərlik bağlanmayıb".

Xatırladaq ki, təxminən iki həftə əvvəl Bilgəh qəsəbəsində "Daçnik" adı ilə tanınan çimərliyə giriş bağlanmışdı. Bilgəh qəsəbə nümayəndəliyindən isə çimərliyin bağlanmasını həmin ərazidə yaşayan vətəndaşların təhlükəsizliyinin təmin edilməsi ilə əlaqələndirmişdilər.