Məşhurlar G7ni kasıb ölkələrə vaksinasiyada kömək etməyə çağırıblar


Dünya 07 İyn 2021 21:13:00 172 0

Məşhurlar G7ni kasıb ölkələrə vaksinasiyada kömək etməyə çağırıblar

Dünyanın 200-dən çox məşhur insanı, o cümlədən 100-ə yaxın sabiq siyasi lider G7 ölkələrinin rəhbərlərini kasıb ölkələrdə koronavirusa qarşı vaksinasiyanı təmin etmək üçün vəsait ayırmağa çağırıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, məktubda G7 liderlərinə az gəlirli ölkələrdə vaksinasiyaya lazım olan 66 milyard dolların üçdə ikisini ödəmək və 2021-ci ili "əməkdaşlıqda dönüş nöqtəsinə" çevirmək üçün çağırış yer alır. Qeyd edilir ki, bu cür investisiyalar mövcud peyvəndlərə mənfi təsir göstərə biləcək yeni koronavirus variantlarının yayılmasının dayandırılması üçün vacibdir.

Məktub Böyük Britaniyanın sabiq baş nazirləri Qordon Braun və Toni Bleyer, BMT-nin sabiq baş katibi Pan Gi Mun, Afrika ölkələrinin 15 sabiq lideri, britaniyalı biznesmen, "Virgin Group" kompaniyasının banisi Riçard Brenson, iqtisadiyyat üzrə "Nobel" mükafatı laureatı Benqt Holmström da daxil olmaqla, ümumilikdə 230 görkəmli xadim və siyasətçi tərəfindən imzalanıb.

"G7 və G20 ölkələrinin aşağı və orta gəlirli dövlətlər üçün vaksini əlçatan edən dəstəyi xeyriyyəçilik aktı deyil, bu addım hər bir ölkənin strateji maraqlarına cavab verir və Beynəlxalq Valyuta Fondunun təsvir etdiyi kimi, tarixin ən yaxşı dövlət investisiyasıdır", - deyə məktubda vurğulanır.

Məşhurlar çağırışlarının geniş ictimai dəstək qazandığını da bildirilər. "Save the Children" beynəlxalq xeyriyyə təşkilatı tərəfindən aparılan sorğunun nəticələrinə əsasən, ABŞ, Fransa, Almaniya, Kanada və Böyük Britaniya əhalisinin əksəriyyəti hesab edir ki, onların ölkələri öz payını ödəməlidir.