Azərbaycan milyardlarla dollar qazana bilər


Digərləri 22 May 2021 14:49:00 145 0

Azərbaycan milyardlarla dollar qazana bilər

El şənliklərinin, bayramların, nişan və toy mərasimlərinin bəzəyi olan güllərdən həm də dekorativ işlərdə geniş istifadə olunur. Paytaxtda bağ-bağçaların, istirahət yerlərinin, turizm mərkəzlərinin və yol kənarlarının ətrafına naxış kimi düzülən çiçəklər insanların zövqünü oxşayır, şəhəri daha da gözəlləşdirir. Müşahidələr göstərir ki, uzun illər Bakı kəndlərində əsas məşğuliyyət və gəlir sahələrindən olan gülçülüyün inkişafı bu gün qənaətbəxş deyil.

Müstəqilliyimizin bərpasının ilk illərində tənəzzülə məruz qalmış gülçülük təsərrüfatlarını yenidən bərpa etmək və onun şöhrətini qaytarmaq gülçülərin ən böyük arzusudur. Sovet dövründə daxili tələbatla bərabər, İttifaqa daxil olan respublikaları da təmin edən Abşeron gülləri həm də gözəl ətri ilə fərqlənib. Bu gün isə ölkənin mağazalarında satılan güllərin böyük bir qismi xaricdən gətirilir. Əsasən də, Hollandiya, Fransa və Türkiyədən gətirilən bəzək bitkiləri çoxluq təşkil edir ki, bu da yerli güllərin satılmasına mənfi təsir göstərir. Azərbaycanda gül sənayesinin inkişaf etdirilməsi üçün hansı addımlar atılmalıdır?

Milli. Az xəbər verir ki, mövzu ilə bağlı "şərq"ə açıqlama verən iqtisadçı-ekspert  Rauf Qarayev deyib ki, Azərbaycanda gül sənayesinin inkişaf etdirilməsi üçün xarici ölkə təcrübələrinə nəzər yetirməkdə fayda var. İqtisadçı qeyd edib ki, ölkəmizdə gül sənayesinin inkişafını xarıbülbül gülü ilə qoymaq olar:

"Azərbaycanda gül sənayesini inkişaf etdirməzdən əvvəl xarici ölkədə lider olan Hollandiya ölkəsinə nəzər yetirmək lazımdır. Məsələn, Hollandiya gül sənayesi inkişaf edərək xarici bazarları necə fəth edir? Qeyd edim ki, Hollandiya kəsilmiş gül və soğanlı gül istehsalına görə dünyada birinci yeri tutur. 4.5 min hektar ərazilərdə müxtəlif növ güllər əkilir. 2700 gül təsərrüfatı sahələri var.

Hollandiya aqrar ölkə olduğundan müasir kənd təsərrüfatı texnologiyalarından geniş istifadə edir. Təsadüfi deyil ki, dünyanın ən nüfuzlu aqrar universitetləri Hollandiyada yerləşir.

Suyun üzərində özlərinə ölkə yaradan hollandlar torpağın nə qədər dəyərli olduğunu çox gözəl bilirlər. Gündəlik birjalarda 35 milyon gül satılır. Birbaşa burada onların ən məşhur olan və Alsmeer şəhərində yerləşən Flora Holland şirkəti çıxış edir. Tək 2014-cü ildə balaca bir ölkənin payına dünya gül sənayesinin 52 faizi düşürdü. Həmin il dünyada bu sənayenin gəliri 20 milyard ABŞ dollar civarında qiymətləndirilirdi. Həmin il tək satışdan 6 milyard ABŞ dollar vəsait qazanmışdılar". 

R.Qarayev bildirib ki, son zamanlar ucuz qiymətə olan gül sənayesinə tələbat artıb:

"Bildiyimiz kimi pandemiya bütün sənaye sisteminə ciddi zərər vurdu. Bu baxımdan da gül sənayesi bundan kənar qalmadı. Azərbaycanda da gül sənayesini inkişaf etdirmək mümkündür. Ələlxüsus da Şuşada yetişən xarıbülbül gülünü dünyaya ixrac etmək olar. Reklama gəldikdə isə hazırda bu gül Şuşanın simvolu sayılır.