Qaxdakı məşhur "Ulu Körpü" uçub dağılır


Digərləri 22 May 2021 11:37:00 176 0

Qaxdakı məşhur "Ulu Körpü" uçub dağılır

Qax rayonu ərazisində 17-18-ci əsrə aid ''Ulu Körpü'' dövlət tərəfindən qorunan abidələrdən biridir. Bu yaxınlarda çaya gələn sel körpüyə ziyan vurub. Abidənin əsaslı şəkildə bərpa edilməsinə ciddi ehtiyac var.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, 3 əsirlik abidədə sel sularından sonra bir sıra dağıntılar qeydə alınıb.

Qax rayonu ərazisində olan tarixi "Ulu Körpü"nün daşları tökülməyə başlayıb.

"Ulu Körpü"nün tikintisi üçün olduqca əlverişli bir yer seçilib. Lakin bu günümüzə qədər gəlib çatan "Ulu Körpü"nün vəziyyəti indi ürək açan deyil.

Kürmük çayının üzərində olan Körpü çay yatağının daraldığı yerdə, sal qayalar üzərində çay daşı, əhəng məhlulu və bişmiş kərpicdən, bəzi mənbələrə görə, hətta yumurta sarısından istifadə edilməklə inşa edilib. İlisu Dövlət Tarix Mədəniyyət Qoruğunun direktoru Azər Qocayev bildirib ki, "Ulu Körpü"nün əsaslı bərpaya ehtiyacı var.

Körpüyə baxmağa gələn turistlər üzərindən yalnız piyada hərəkət edə bilərlər. Burada nəqliyyat vasitələrinin hərəkəti isə qadağandır. 17-18 -ci əsrlərə aid olan abidə dövlət tərəfindən qorunur.