"Heydər Əliyev Fondu mümkün olan hər şeyi edir, təşəkkür edirəm"


Digərləri 22 May 2021 11:12:00 131 0

"Heydər Əliyev Fondu mümkün olan hər şeyi edir, təşəkkür edirəm"

"Allaha şükür, Oqtay bəyin durumunda yaxşılaşmalar var. Əllərini hərəkət etdirir, nə isə demək istəyir. Əli ilə reaksiya verir, "hə" və "yox" deyir".

Oqtay Gülalıyevin həyat yoldaşı Firuzə xanımın dediyinə görə, ərinin sağlıq durumunda sürəkli müsbət irəliləyiş müşahidə olunur. Traxeyasındakı vəziyyət düzəlməyə başladığından O.Gülalıyev səslər çıxarır və bu minvalla yaxında danışıq qabiliyyətinin bərpa olması gözlənilir.

Xatırladaq ki, 51 yaşlı Oqtay Gülalıyev tanınmış hüquq müdafiəçisidir. Oqtay Gülalıyev 2019-cu il 29 oktyabrda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində kəllə-beyin travması alıb və bir neçə saatdan sonra komaya düşüb. Əməliyyat yalnız növbəti gün həyata keçirilib və mütəxəssislərin rəyinə görə, bu müddətdə beyinə qan sızması artıb. 2019-cu il noyabrın 5-də Heydər Əliyev Fondunun dəstəyi ilə müalicəsini davam etdirmək üçün Türkiyənin İstanbul şəhərindəki Avrasiya Klinikasına yerləşdirilib. Noyabrın 20-dən onun müalicəsi İstanbuldakı Amerika Xəstəxanasında davam etdirilib.

Gülalıyev 2020-ci il noyabrın 8-də Türkiyədən Bakıya gətirilib. Onun müalicəsi ev şəraitində davam etdirilir.

Son vaxtlar hüquq müdafiəçisinin səhhətində ciddi irəliləyişlər müşahidə olunur.

Son.az bildirir ki, "Turan" İnformasiya Agentliyinin "Çətin sual" YouTube kanalında O.Gülalıyevin xanımı ərinin durumundan və müalicə prosesindən detallarla, müfəssəl şəkildə danışıb, sualları cavablayıb.