Kalsium çatışmazlığının aradan qaldırılması üçün necə qidalanmalı?


Digərləri 14 May 2021 16:30:00 152 0

Kalsium çatışmazlığının aradan qaldırılması üçün necə qidalanmalı?

Kalsium elementi 20-25 yaşa kimi bədəndə toplanır, sonra bir müddət stabil hala keçir, yaşa dolduqca isə bədəndə miqdarı azalır. Qanda kalsium səviyyəsinin nəinki çatışmazlığı, artıqlığı zamanı da bir sıra problemlər yarana bilər. Kalsium çatışmazlığının hiss edilməyən, yüngül, şiddətli, hətta həyatı təhdid edəcək ölçüdə məlum olan əlamətləri var. Erkən diaqnoz qoyularsa, orqanizmdə kalsium çatışmazlığından yaranan problemlərin baş verməsinin qarşısı alına bilər.

Bəs, kalsium çatışmazlığının aradan qaldırılması üçün necə qidalanmalı?

Bu barədə AQTA-dan Son.az-a məlumat verilib.

Kalsium çatışmazlığı zamanı əzələ spazmları, ürək ritminin pozulması, üz, əl və ayaqlarda uyuşma, hafizə zəifləməsi, depressiya, əzələ ağrıları, dəridə quruma, dırnaq qırılmaları kimi əlamətlər ortaya çıxır. Bu elementin orqanizmdə kəskin defisiti zamanı ürək çatışmazlığı, udmada çətinlik, səsin dəyişməsi, sümüklərdə kövrəklik, dəmrov xəstəliyi, katarakt, əzələ gücsüzlüyü kimi simptomlar yaranır. Orqanizmdə kalsium elementinin artıq miqdarı ürək və nəfəs çatışmazlığına səbəb olur. Uşaqlarda raxitlik də kalsium və D vitamini çatışmazlığının əlamətlərindəndir.

Nəinki kalsiumun, ümumiyyətlə bütün mineral və vitaminlərin orqanizmdə çatışmazlığının qarşısını almaq üçün balanslaşdırılmış qidalanmaya üstünlük vermək lazımdır. Gün ərzində tərkibində kalsiumla zəngin qidalar qəbul etməklə orqanizm üçün zəruri olan kalsium həcmini qəbul etmiş olarıq. Belə ki, qida rasionuna mütləq süd, qatıq, kəsmik, pendir, brokkoli, kahı, kələm, paxla, mərcimək, lobya, yaşıl noxud, badam, fındıq, çia və balqabaq toxumu, küncüt kimi qidaları daxil etmək lazımdır.