Səhv ittihama görə 43 il həbsxanada cəza çəkdi


Dünya 14 May 2021 11:29:00 122 0

Səhv ittihama görə 43 il həbsxanada cəza çəkdi

ABŞ-ın Missuri ştatının Kanzas Citi şəhərinin sakini Kevin Striklend səhv ittihama görə 43 il həbs cəzası çəkib.

Son.az oxu.az-a istinadən bildirir ki, 1978-ci ilin aprelində şəhərdə üçqat qətl hadisəsi baş verib. 18 yaşlı Striklend xüsusən də afro-amerikalı olduğu üçün şübhəlilər siyahısına daxil edilib. İlk məhkəmədə o, bəraət əldə etsə də, iki ay sonra andlılar məhkəməsi onu təqsirli bilib. Məhkəmənin hökmü ilə Striklend 50 il ərzində şərti azadlıq hüququ olmadan ömürlük həbs cəzasına məhkum edilib.

Ötən ilin noyabr ayında yerli qəzetlərdə iki nəfərin 1978-ci ildəki cinayətləri etiraf etdiyi və həmin vaxt Striklendin onlarla olmadığı barədə etiraflarının yer aldığı məqalə dərc olunub. Bundan sonra Cekson dairəsinin prokurorluğu ittihamları nəzərdən keçirməyə başlayıb.

Cari ilin may ayında isə işin yenidən baxılması zamanı prokurorlar Striklendin günahkarlıq sübutlarının olmaması səbəbindən dərhal sərbəst buraxılmasını tələb edib.

Prokurorluq şahid Sintiya Duqlasın ifadələrinə əsaslanaraq belə tələb irəli sürüb. Məlumata görə, qadın 2009-cu ildə səhv hökmlərlə mübarizə aparan xeyriyyə təşkilatının nümayəndələri ilə əlaqə yaradaraq Striklendə kömək etmək istədiyini bildirib. Ancaq o, 2015-ci ildə ifadə verməyə imkan tapmadan vəfat edir.