2024cü ilədək Avstriyada işsizlik və büdcə kəsirləri yüksək səviyyədə olacaq


Dünya 30 Apr 2021 19:50:00 130 0

2024cü ilədək Avstriyada işsizlik və büdcə kəsirləri yüksək səviyyədə olacaq

Dünyanın əksər ölkələrində olduğu kimi koronavirus pandemiyası Avstriyada dövlət büdcəsində kəsir və işsizliyə səbəb olub.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, maliyyə naziri Qernot Blümel 2024-cü ilədək ölkədə işsizlik və büdcə kəsirlərinin yüksək səviyyədə olacağını bildirib. O qeyd edib ki, 2020-ci böhran ili Avstriya büdcəsində dərin izlər buraxıb, səhiyyə sistemi, iş yerləri və şirkətlərin xilası üçün böyük vəsaitlər sərf edilib. Böhranın davam etdiyini nəzərə alaraq, 2021-ci ilin dövlət büdcəsindən əlavə vəsaitlərin ayrılması tələb olunur, eyni zamanda, sərmayələr və iqtisadi inkişaf üçün vəsaitlər ayrılmalıdır.

Nazirin sözlərinə görə, 2020-ci ildə ölkə iqtisadiyyatı 6,6 faiz geriləsə də, bu il ümumi daxili məhsulun 1,5 faiz artımı proqnozlaşdırılır. 2022-ci ildə isə iqtisadi artım 4,7 faiz ola bilər. Dövlət borclarının artımı və işsizliyin səviyyəsi yaxın illərdə davam edəcək və böhrandan öncəki səviyyəyə ən yaxşı halda 2024-cü ildə çatmaq mümkün olacaq.

2020-ci ildə Avstriyada dövlət borclarının həcmi dövlət büdcəsinin 89,6 faizinə çatmaqla rekorda imza atıb. Bu il borcların həcmi 87,6 faizə düşəcəyi gözlənilir. Hazırda Avstriyada işsizliyin səviyyəsi 5,1 faizdir (2020-ci ildə 5,4 faiz) və böhrandan əvvəlki 4,5 faizlik göstərici 2024-cü il üçün gözlənilir.