Alimpaşa Məmmədovun oğluna yaratdığı biznes şəbəkəsi... FOTO


Digərləri 30 Apr 2021 08:32:00 158 0

Alimpaşa Məmmədovun oğluna yaratdığı biznes şəbəkəsi...  FOTO

Xəbər verdiyimiz kimi, DTX tərəfindən həbs edilən Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədov əksər cinayətlərini oğlu Adilzadə Adilin adına rəsmiləşdirib. Bu mənimsəmələrdən biri də Çinarlı bələdiyyəsi tərəfindən təsis edilmiş, mülkiyyətində 2 milyon 844 min manat dəyərində əmlakı olan "Çinarlı Qəsəbə" MMC ilə bağlıdır.

Belə ki, rəsmi məlumata görə, A.Məmmədov icra başçısı kimi vəzifəsindən sui-istifadə edərək "Çinarlı Qəsəbə"nin bütün paylarını oğluna və tabeliyində fəaliyyət göstərən digər şəxslərə məxsus "Şəmkir Səbət Ticarət Mərkəzi" MMC-yə cəmi 40 manata satıb.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, kənd təsərrüfatı məhsullarının satışını həyata keçirən "Şəmkir Səbəti" də "Çinarlı qəsəbə" MMC-nin nəzdində təsis edilib.

2017-ci ildə bu müəssisənin açılışı olub. Açılış mərasimində Alimpaşa Məmmədov da iştirak edib.

Məlumat üçün bildirək ki, "Şəmkir Səbəti" ticarət mərkəzi Bakı-Qazax avtomobil yolunun 391-ci kilometrliyində yerləşir. Ticarət obyekti beş hektar ərazini əhatə edir. Obyektin ərazisində 147 ədəd ağac konstruksiyasından ibarət butiklər, sahəsi 7000 kvadrat metrə yaxın topdan satış ticarətin təşkili üçün qapalı sahələr, sahəsi 500 kvadrat metrdən ibarət "Ailəvi istirahət" yeməkxana binası, beş ədəd soyuducu anbar inşa olunub.

Eyni zamanda, "Şəmkir Səbəti" ticarət mərkəzinin nəzdində "Şəmkir Səbəti Supermarket" də var ki, Alimpaşa Məmmədov bu obyektin də açılışında qırmızı lenti kəsib. Ötən ilin iyunun 25-də isə bazar ərazisində güclü yanğın olub. Nəticədə, altı köşk külə dönüb.

Alimpaşa Məmmədovun digər cinayətlərindən biri də "Abad Şəmkir" MMC ilə bağlıdır.

Məsələ burasındadır ki, keçmiş başçı Şəmkir Şəhər Bələdiyyəsi tərəfindən təsis edilmiş, mülkiyyətində 967 min manat dəyərində qida məhsulları istehsal zavodu olan "Abad Şəmkir" MMC-nin bütün paylarını oğluna cəmi 180 manata satılmasını təmin edib.

Fotoda Alimpaşa Məmmədovun oğlu Adil Adilzadə

Bildirək ki, respublikada ilk dəfə olaraq Şəmkirdə 42 bələdiyyənin nəzdində 45 məhdud məsuliyyətli cəmiyyət təsis edilib. Bu isə 2014-cü ilin dördüncü rübünə - Alimpaşa Məmmədovun icra başçısı təyin edildiyi ilə təsadüf edir. Rayonun ən böyük bələdiyyəsi olan Şəmkir bələdiyyəsinin nəzdində üç MMC - "Ceyrançöl", "Abad Şəmkir" və "Morul Tikinti" müəssisələri fəaliyyət göstərir.