Bu şəxslərin virusa yoluxma riski yüksəkdir XƏBƏRDARLIQ


Digərləri 19 Apr 2021 21:10:00 131 0

Bu şəxslərin virusa yoluxma riski yüksəkdir  XƏBƏRDARLIQ

İnfeksionist-pediatr Aytən Ziyadovanın sözlərinə görə, koronavirusu yaxınlarına yoluxduran insanlar ağır vicdan əzabı çəkirlər. Buna səbəb yoluxmuş insanın xəstəliyi ağır keçirməsi, bəzi hallarda isə dünyasını dəyişməsidir.

Son.az həkimlə müsahibəni təqdim edir:

- Ramazan ayında kütləvi iftar məclislərinin təşkil olunması yoluxma sayında artıma səbəb ola bilərmi?

- Anlayıram ki, insanlarımız kütləvi iftar məclisləri üçün darıxıb, lakin pandemiya dövründə yaşadığımızı unutmamalıyıq. Koronavirusdan qorunmaq üçün ən önəmli şərt izolyasiyadır. Pandemiyanın qaydalarına riayət olunmazsa, Ramazan ayında iftar məclisləri təşkil olunarsa, Novruz bayramında yaşanan gərginlik təkrar oluna bilər. Bu müqəddəs ayı sağlam başa vurmaq üçün diqqətli olmalıyıq.

- Hazırda ölkədə vəziyyət necədir?

- Hazırda həm böyüklərdə, həm də uşaqlarda infeksiyanın çox yayıldığını müşahidə edirik, vəziyyət kritikdir. Üstəlik, yeni ştammı insanlar daha ağır keçirir. Onu da nəzərə alaq ki, orucluq ayını yaşayırıq. Bu ayda orqanizm uzun müddət ac qaldığı üçün insanların immun sistemi zəifləyir. Təbii ki, zəifləmiş immun sistemi həssas olduğundan virusa yoluxma riski bir qədər artacaq.

- Bu yaxınlarda sosial şəbəkələrdə açıq havada maska taxılmasına qarşı "nəfəs alaq" aksiyası başladılmışdı. Bu etiraza münasibətinizi öyrənmək istərdik.

- Burada iki nüans var. Əgər siz küçədə təkbaşınasınızsa, maska taxmağa ehtiyac olmaya bilər. Amma təsadüfən kiminləsə qarşılaşa bilərsiniz. Onsuz da yetərincə xəstə var, insanlar özlərini məsuliyyətsiz apararsa, vəziyyət daha da pisləşə bilər. Odur ki, açıq havada da maska taxmağa davam etməliyik. Yaxın zamanlarda maskadan xilas olacağımızı düşünmürəm.