Lukaşenkoya qarşı suiqəsd planının təfərrüatları məlum oldu


Dünya 19 Apr 2021 17:09:00 152 0

Lukaşenkoya qarşı suiqəsd planının təfərrüatları məlum oldu

Belarusda çevriliş hazırlığında ittiham olunan şəxslərin ölkə Prezidenti Aleksandr Lukaşenkonun əmlakını qarət etmək və mənimsəmək planları ortaya çıxıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, ABŞ və Belarus vətəndaşlığı olan vəkil Yuri Zenkoviç və belarus politoloq Alyaksandr Fedutanın saxlanıldığı FSB əməliyyat görüntüləri "Rossiya 1" telekanalı tərəfindən yayımlanıb.

Verilən məlumata görə, şübhəlilər Moskvadakı Bağ Halqası üzərindəki "Korçma" restoranına çağırılıb. VIP otaqda olarkən Feduta və Zenkoviç hədəflərinin Lukaşenkonun öldürülməsi olduğunu açıqlayıblar.

Bununla yanaşı, onlar Daxili Qoşunlar və OMON-un mühasirəyə alınması və mesajlarının kütləyə çatdırılması üçün bir radio stansiyası və bir televiziya kanalı daxil olmaqla şəhərin mərkəzində bir neçə simvolik obyektin tutulması planlarını da qeyd ediblər.

Şübhəlilər, eyni zamanda öldürülməsi və ya həbsi planlaşdırılan yüksək vəzifəli şəxslərin siyahısını da təqdim ediblər.

Moskvadakı toplantıda çevrilişin başlanğıcında əsas hədəfin Lukaşenkonun qətli olduğu vurğulanıb.

Zenkoviçlə Feduta generallara Belarus Prezidentinin əmlakını qarət etməyi və mənimsəməyi təklif ediblər.

"Mən əminəm ki, Saşamızın bir yerdə ehtiyat saxladığı pulqabı var. Onu sadəcə sakitcə götürmək lazımdır",- deyə qeyd edən Zenkoviç, Lukaşenkonun pulunun Ostroşitski qəsəbəsində olduğunu iddia edib.

Xatırladaq ki, aprelin 17-də Belarus Prezidenti Aleksandr Lukaşenko ona və övladlarına qarşı sui-qəsd hazırlayan qrup üzvlərinin yaxalandığını açıqlamışdı.

Lukaşenko hesab edir ki, ona sui-qəsdin təşkilinə sanksiya ABŞ-ın ali siyasi rəhbərliyi tərəfindən verilib.

O bildirib ki, Rusiya Prezidenti Vladimir Putin ABŞ lideri Co Baydenlə söhbətində ABŞ xüsusi xidmət orqanlarının ona sui-qəsd hazırlaması məsələsinə toxunub.