Niyə yalnız 38 dərəcə qızdırma olanda test götürülür?


Digərləri 17 Apr 2021 15:55:00 154 0

Niyə yalnız 38 dərəcə qızdırma olanda test götürülür?

Son həftədə dünyada və Azərbaycanda koronavirusa yoluxma ilə bağlı vəziyyət heç də ürəkaçan deyil. Elə Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru pandemiya başlayan gündən dördüncü dəfədir ki, bir həftə ərzində yüksək yoluxmaların qeydə alındığını xəbər verib. Bu isə dünyada 780 milyon doza vaksinin paylanması fonunda baş verir. ÜST rəhbəri pandemiya ilə mübarizədə vaksinlərin həyati əhəmiyyət kəsb etdiyini, lakin bunun mübarizə üçün tək vasitə olmadığını bildirib.

Azərbaycanda da son günlər virusdan yoluxma və ölüm sayları artmaqdadır. Bununla belə, vaksinasiya işləri davam etdirilir. Bu günədək ölkəmizdə 1177187 nəfər vaksin olunub. Bəs görəsən, nəyə görə yoluxma hər gün daha da çoxalır? Vaksinlərdən sonra yoluxma mümkündürmü?

Son.az xəbər verir ki, bu və digər suallarla bağlı Musavat.com-a həkim-infeksionist İlhamə Abbasova danışıb:

"Son iki həftədə müraciətlərin sayı çoxalıb. Xəstəlik heç də yüngül gedişatlı deyil. Bundan əvvəlki alovlanmalarla müqayisə etsək, bu dəfə virusun ciyərə keçməsi daha sürətlidir. Pasiyent iki gündür xəstə olduğunu deyir, müayinədən sonra baxırsan ki, 30-40 faiz zədələnmələr var. Amma əvvəllər xəstənin bir həftə hərarəti olurdu, halsızlıq kimi simptomlar müşahidə edilirdi. Bundan sonra ciyərə keçməsini müşahidə edirdik. İndi isə 2-3 günə xəstədə buzlaşma ciyərə keçir. Xəstəliyin ağırlıq dərəcəsi isə hər kəsin orqanizmində bir cür özünü göstərir. Yanaşı xəstəliyi olanlar, şəkərli diabetlər, immun sistemi aşağı olanlar virusu daha ağır keçirirlər".

İ.Abbasova insanların poliklinikalarla bağlı narazılığına, hərarətin yalnız 38 dərəcə olduğu zaman test götürülməsi məsələsinə münasibət bildirib: "Hərarət 37.5 olanda xəstəliyin ağırlaşması sayılmır. 38 dərəcədən yuxarıdırsa, artıq xəstəliyin ağırlıq dərəcəsindən xəbər verir. Xəstə sayı çox olduğuna görə çatdıra bilmirlər. Hər kəs müraciət edir, tutaq ki, xəstələr bəzən qidadan zəhərlənir, qusur, çağırış edirlər ki, əlamət var, test götürün. Bir-iki gün gözləmək lazımdır. Ya da 37 qızdırma zamanı çağırış etmək düzgün deyil. Davamlı olsa, ağırlaşmalar olsa, yəni temperatur yüksəlsə, müraciət etmək olar. Heç temperatur 38-38.5 olsa da, o demək deyil ki, səndə mütləq 50-60 faiz pnevmoniya var. Elə xəstələrimiz var ki, 38.5, 39 dərəcə qızdırması var, ciyərində heç bir faiz zədələnməsi yoxdur. Bu, xəstəliyin özəlliyidir. Bu virusda temperatur olmaya da bilər. Həmin xəstələrdə virus yüngül keçir. Mən rastlaşmamışam ki, xəstə yüngül keçirib, birdən-birə pisləşsin".