Bu gün növbəti buraxılış imtahanları keçiriləcək


Digərləri 16 Apr 2021 09:11:00 127 0

Bu gün növbəti buraxılış imtahanları keçiriləcək

Dövlət İmtahan Mərkəzi tərəfindən bu gün tam (11 illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış imtahanı keçiriləcək.

DİM-dən Son.az-a verilən məlumata görə, imtahanlar saat 11:00-da başlanır. İmtahanların başlanmasına 15 dəqiqə qalmış - saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

Bu gün keçiriləcək buraxılış imtahanında 18367 şagirdin iştirak edəcəyi gözlənilir. Bu gün tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək şəhər və rayonlar bunlardır: Bakı şəhərinin Binəqədi, Nizami, Səbail, Suraxanı rayonları, Gəncə şəhərinin Nizami rayonu, Ağcabədi, Ağstafa, Astara, Oğuz, Şamaxı, Saatlı rayonları və Sumqayıt şəhəri.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır.