Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib FOTO


Digərləri 19 Mar 2021 19:29:00 134 0

Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib  FOTO

Bu gün Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib. Son.az bildirir ki, toplantını açan MŞ sədri Əflatun Amaşov öncə Şuranın İdarə Heyətinin üzvlərini, bütövlükdə ölkənin media ictimaiyyətini müqəddəs Novruz bayramı münasibətilə təbrik edib. O bildirib ki, belə bir bayramın Qarabağın işğalının sona çatdığı zamanda qeyd edilməsi qürurvericidir, ona xüsusi rəng qatır, ovqat gətirir. 

İclasın gündəliyindəki məsələlər barədə məlumat verən Ə.Amaşov bildirib ki, ölkədə Prezident İlham Əliyevin rəhbərliyi ilə media islahatlarına start verilib.  Dövlət başçısı 12 yanvar 2021-ci il tarixdə "Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında" Fərman imzalayıb. Sənədə əsasən Medianın İnkişafı Agentliyi yaradılıb. Artıq media qanunvericiliyi sahəsində bir sıra işlər reallaşdırılmaqdadır. "Təbii ki islahatlar kifayət qədər geniş diapazona malikdir. Azərbaycan Mətbuat Şurası da zaman-zaman media məkanımızda səliqə-sahman yaradılması ilə bağlı təkliflərlə çıxış edib. Buna görə də istərdim ki, sizlər indi də islahatlara necə deyərlər, öz töhfənizi verəsiniz, təkliflərinizi səsləndirəsiniz". MŞ sədri gündəlikdə dayanan ikinci məsələnin işğaldan azad edilmiş torpaqlarımızdakı erməni vandalizminin izlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində medianın oynadığı rolun müzakirəsinin olduğunu vurğulayıb. Ə.Amaşov bildirib ki, məsələyə kifayət qədər sistemli baxış var. Düşmən tapdağından xilas olmuş bölgələrimizə istər yerli, istərsə də xarici medianın axını müşahidə edilməkdədir. Bu, son dərəcə vacib amildir. "Bu günlərdə Prezident Administrasiyasının təşkilatçılığı ilə media və qeyri-hökumət təşkilatları nümayəndələrindən ibarət geniş heyətin Ağdama səfəri təşkil olundu. Sizlər də həmin səfərdə iştirak etdiniz. Səfər hər birimizdə kifayət qədər geniş təəssürat yaratdı. Bu barədə maraqlı yazılar da oxuduq. Diqqət yetirməli olduğumuz məsələ işğaldan azad edilmiş bölgələrimizdə media aktivliyinin daha geniş miqyasda təmin edilməsi ilə bağlıdır. Mən burada dörd saatdan artıq davam edən tarixi mətbuat konfransını vurğulamaya bilmərəm. Cənab Prezident bu mətbuat konfransında suallara geniş və məzmunlu cavabları ilə sübut etdi ki, Azərbaycan hərbi yolla Qarabağa yiyələndiyi kimi, əməli fəaliyyət müstəvisində də ona sahib çıxacaq. Bu, dünya mediasına kifayət qədər ciddi mesaj idi. İstərdim ki, sizlər də həm bununla əlaqədar, həm də Qarabağda media aktivliyinin artırılmasına dair fikirlərinizi bölüşəsiniz", - deyə Ə.Amaşov vurğulayıb.

MŞ sədri iclasın gündəliyində dayanan üçüncü məsələnin Şuraya yeni üzvlərin qəbulunun olduğunu deyib. O bildirib ki, üzvlük üçün müraciət edən media qurumlarının sayı 50-yə yaxındır. Katiblik 10-nunun üzərində dayanır. "Pandemiya dövrü olduğundan onların nümayəndələrini iclasa dəvət etməmişik. Amma müvafiq materiallar buradadır. İstərdim ki, bununla əlaqədar da fikirlərinizi bildirəsiniz", - deyə MŞ sədri aydınlıq gətirib.

Toplantıda çıxış edən MŞ İdarə Heyətinin üzvü, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli gündəlikdəki birinci məsələ ilə bağlı fikirlərini bölüşərkən bildirib ki, jurnalist təşkilatları medianın görünən üzüdür. Onların mövcud sahədəki hadisə və proseslərə reaksiyalarını optimallaşdırmaq üçün dövlət tərəfindən bu qurumların fəaliyyətinə həssas yanaşılması zəruridir. Dövlətin müəyyən layihələrinin, xüsusən də jurnalistlərin peşəkarlığının artırılması, eləcə də dünya media standartlarının öyrənilməsi və cəmiyyətə çatdırılması ilə bağlı işlərinin stimullaşdırması faydalı nəticələr verəcək.

MŞ İdarə Heyətinin üzvü, "Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli bildirib ki, medianın problemləri ilə media qanunvericiliyi anlayışları bir-birindən fərqlənir. Qanunvericilik təməldir, ancaq problemlərə xüsusi yanaşma vacibdir. Medianın problemlərinin isə həm də sosial problemlər müstəvisində qiymətləndirilməsinə ehtiyac duyulmaqdadır. E.Mirzəbəyli bu baxımdan mediada reklam işinin qanuni mexanizmlərinin olmasının zəruriliyi üzərində dayanıb. O bildirib ki, vaxtilə təcrübəsi Mətbuat Şurası tərəfindən öyrənilmiş Türkiyənin Basın Elan Kurumunun mexanizlərinin ölkəmizdə də tətbiqinə ehtiyac var. Baş redaktor həmçinin KİV  sahəsinə həssas yanaşmanın digər qanunvericilik sənədlərində də təsbitinin önəmindən danışıb, deyib ki, ona yanaşmanın başqa hüquqi şəxslərə yanaşmadan fərqli olması hazırkı vergi yükünü də azaldacaq.

MŞ İdarə Heyətinin üzvü, "Bakı xəbər" qəzetinin baş redakotoru Aydın Quliyev istər peşəkarlıq meyarları, istərsə də Azərbaycan dilinin normalarının qorunması baxımından çap mediasının saxlanılmasının vacibliyindən söz açıb. Baş redaktor bu tip media vasitələrinin də dövlətin nəzərində saxlanılmasının əhəmiyyətini vurğulayıb. Təbii ki, çap mediası da dövrün tələblərinə adekvat fəaliyyət göstərməli, gözləntiləri doğrultmalıdır.

"Azərbaycan ədəbi dilinin qorunması ilə bağlı məsuliyyət çap mediasının üzərindədir", - deyən MŞ İdarə Heyətinin üzvü, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı vurğulayıb ki, əvvəllər bir adamın beş-altı qəzeti olurdusa, hazırda bir adamın beş-altı, bəzən daha çox saytı var və mövcud durum kifayət qədər ciddi problemlər yaradır. İslahatlar ilk növbədə məhz bu mənfi tendensiyanın qarşısının alınmasına yönəlməlidir.

MŞ İdarə Heyətinin üzvü Azər Həsrət çıxışında gündəlikdə dayanan ikinci məsələ ilə bağlı fikirlərini bölüşüb. O deyib ki, Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında medianın rolu önəmlidir. A.Həsrət diqqəti jurnalistlərin daha çox xarici media vasitələrində məqalələrlə çıxış etmələrinin zəruriliyinə yönəldib. Buna görə onların işğaldan azad edilmiş bölgələrdəki insfrasturuktur layihələrinin açılışlarında bilavasitə iştirakını vacib sayıb.