Ərini öldürməkdə ittiham edilən Rənanın işində ilginc məqamlar


Digərləri 19 Mar 2021 09:09:00 144 0

Ərini öldürməkdə ittiham edilən Rənanın işində ilginc məqamlar

Bakıda əri Araz Sofiyevi xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Rəna Sofiyevanın cinayət işi üzrə məhkəmə araşdırması davam edir.

Son.az Musavat.com-a istinadən xəbər verir ki, R.Sofiyevanın cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə araşdırılır.

Sonunu məhkəmə iclasında Rəna Sofiyevanın oğlu Sərdar şahid qismində ifadə verib. Şahid əsasən zərərçəkmiş tərəfin nümayəndəsi, vəkil Ceyhun Yusifovun suallarını cavablandırıb.

İlk olaraq Sərdar hadisə baş verən gün yaşananları tam xatırlamadığını deyib. Bildirib ki, yuxudan oyananda artıq qətl hadisəsi baş veribmiş.

Onun dediklərindən məlum olub ki, anası Rəna Sofiyevadan birinci şikayəti mərhumun atası edib. Qətlə yetirilən Araz Sofiyevin atası polisə ifadəsində gəlini Rənadan şübhələndiyini deyib.

Sərdar deyib ki, babasından niyə anasından şübhələndiyini soruşub. Babası isə ona deyib ki, məqsədi oğlunun qatilini tapmaqdır.

"Babam dedi ki, əgər anam günahsız olsa, 100 dəfə üzr istəyəcək" - deyə Sərdar cavabında bildirib.

Sərdar suallara cavabında bir daha hadisə baş verən gecə olanları xatırlamadığını deyib. Bildirib ki, yuxudan oynanda nənəsinin ağladığını, artıq hadisələrin baş verdiyini görüb.

Məhkəmədə məlum olub ki, Araz Sofiyevin atasının şikayətindən sonra Rəna Sofiyeva izlənilib, onun yaşadığı evə səs yazan qurğu yerləşdirilib.

Həmin səs yazılarından birində Sərdar hər şeydən bezdiyini və yaşamaq istəmədiyini deyib.

Sərdar izah edib ki, həmin zaman anası və nənəsi hazırlıq kurslarına pul xərclədiklərini, nəticələrinin yaxşı olmadığını deyib. Anası və nənəsi ona irad bildirib ki, dərslərini oxumur. O da artıq bezdiyini və yaşamaq istəmədiyini deyib.

Prosesin davamında Rəna Sofiyeva məhkəmədən söz istəyib. Deyib ki, ərinin ədavəti olan yalnız Mehman adlı şəxsi tanıyır.

Prokuror müdaxilə edərək deyib: "Ötən prosesdə Mehman iştirak edirdi. Onda şübhələndiyinizi deyirdiniz. İndi isə qəti olaraq Mehmanın adını çəkirsiniz. Nə dəyişdi ki, belə qəti fikir bildirirsiniiz?".

Rəna Sofiyeva eyni fikirləri dilə gətirdiyini deyib.

Bildirək ki, Rəna Sofiyeva qətiyyən özünü təqsirli bilmir. Oğlu Sərdar da onun mövqeyindən çıxış edir.

Məhkəmə prosesi aprelin 7-də davam etdiriləcək.