Sabahdan Gürcüstanda vaksinasiyaya başlayır


Dünya 14 Mar 2021 17:13:00 115 0

Sabahdan Gürcüstanda vaksinasiyaya başlayır

Martın 15-dən Gürcüstanda 29 klinikada  yeni növ koronavirusa (COVİD-19) qarşı vaksinasiyaya başlanılır.

Son.az APA-ya istinadən bildirir ki, bunu Gürcüstan Xəstəliklər və İctimai Sağlamlığa Nəzarət üzrə Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.

Tbilisidə 10, Kutaisi və Batumidə 4, Rustavi və Zuqudididə 2, digər rayon mərkəzlərində 1 vaksinasiya mərkəzi fəaliyyət göstərəcək. Martın 17-dən vaksinasiya aparılan klinikaların sırasına daha 35 klinika, martın 19-dan isə əlavə 23 klinika qoşulacaq.

Vaksinasiya aparılacaq 82 klinika Gürcüstan Xəstəliklər və İctimai Sağlamlığa Nəzarət üzrə Milli Mərkəzi tərəfindən seçilib, bu tibb müəssisələrinin heyəti lazımi hazırlıq keçib.

Xatırladaq ki, martın 13-də Tbilisiyə 43,3 min doz "AstraZeneca-SKBio" vaksini gətirilib. Apreldə daha 86,4 min doz "AstraZeneca-SKBio" vaksini gətirilməsi nəzərdə tutulub. Yaxın həftələrdə ölkəyə  30 min doz "BioNTec" vaksinin gətirilməsi də planlaşdırılıb. Ölkədə ilk növbədə 120 gün ərzində COVİD-19-a yoluxmamış tibbi işçilərinə peyvənd vurulacaq. Belə tibb işçilərinin sayı 54 min nəfərdir. Peyvəndlə bağlı növbə üçün xüsusi elektron sayt fəaliyyətə başlayıb.