Pasxa bayramı öncəsi İtaliyada karantin qaydaları sərtləşdiriləcək


Dünya 13 Mar 2021 21:29:00 139 0

Pasxa bayramı öncəsi İtaliyada karantin qaydaları sərtləşdiriləcək

Koronavirusa yoluxma hallarının yenidən artmasını nəzərə alaraq İtaliyada karantin qaydaları yenidən sərtləşdiriləcək.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, İtaliya hökuməti martın 15-dən aprelin 6-dək yeni qaydaların qüvvədə olacağını elan edib. Eyni zamanda, Pasxa bayramı günlərində (3-5 aprel) Sardiniya adası istisna olmaqla, ölkənin bütün regionları işıqfor sistemində qırmızı rəngdə olacaq. Bu isə regionlararası səfərlərin qadağan edilməsi və həyati əhəmiyyətli obyektlər (aptek, ərzaq dükanları, yanacaqdoldurma məntəqələri və s.) istisna olmaqla, bütün qastronomiya və ticarət obyektlərinin işləməyəcəyi deməkdir.

Ölkədə "ağ zona" olaraq yalnız Sardiniya adası məhdudiyyətlərdən azad qalacaq, 20 regiondan 14-ü martın 15-dən "qırmızı zona" elan olunacaq. Sardiniya ilə yanaşı, Siciliya, Kalabriya və Umbriyaya sərt qaydalar tətbiq edilməyəcək, paytaxt Romanın yerləşdiyi Latium regionu isə "narıncı zona" olacaq.

Səhiyyə naziri Robberto Speranza bildirib ki, infeksiya hallarının artım parametri əsasında regionlarda karantin rejimi sərtləşdirilir. Belə ki, hər 100 min əhali üçün yoluxma halı gündəlik 250-dən yuxarı olduğu halda, həmin region "qırmızı zona" elan edilməlidir. Hazırda ölkədə gündəlik yoluxma halları 25 mini ötüb, koronavirusla bağlı gündəlik ölüm halları 350-400 arasındadır. İndiyədək İtaliyada 3,1 milyon insan koronavirusa yoluxub, ölənlərin sayı isə 101 min nəfərdən artıqdır.