Avstriyada bir rayonun əhalisi Aİnin tədqiqat layihəsi çərçivəsində koronavirusa qarşı peyvənd olunacaq


Dünya 10 Mar 2021 20:15:00 140 0

Avstriyada bir rayonun əhalisi Aİnin tədqiqat layihəsi çərçivəsində koronavirusa qarşı peyvənd olunacaq

Avstriyanın Tirol federal əyalətinin Şvats rayonunun yaşı 16-dan yuxarı olan sakinləri Avropa İttifaqının tədqiqat layihəsi çərçivəsində koronavirusa qarşı peyvənd ediləcəklər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, layihənin məqsədi koronavirusun ilk dəfə Cənubi Afrika Respublikasında aşkarlanan B.1.351 ştammının yayılmasının qarşısını səmərəli şəkildə almaq və məhdud ərazidə kütləvi vaksinasiyanın təsirlərini araşdırmaqdır. Layihə çərçivəsində Aİ tərəfindən "BioNTech/Pfizer" istehsalı olan 100 min peyvənd dozası Avstriyaya göndərilib. Martın 2-dən 9-dək rayon əhalisinin vaksinasiya prosesində iştirak üçün könüllü qeydiyyatı aparılıb və 48 min 500 nəfər (peyvənd üçün nəzərdə tutulan sakinlərin 76 faizi) aksiyada iştiraka razılıq verib.

Federal əyalət hökumətindən bildirilib ki, martın 11-də start götürəcək vaksinasiya kampaniyası yerli və beynəlxalq ekspertlərin, həmçinin epidemioloqların müşahidəsi altında baş tutacaq. Əyalətin qubernatoru könüllülük prinsipi əsasında keçirilən vaksinasiya kampaniyası üçün qeydiyyatdan keçənlərin sayının yüksək olmasından məmnunluğunu ifadə edib və bu addımı pandemiyaya qarşı mübarizəyə əhalinin töhfəsi kimi dəyərləndirib. O qeyd edib ki, bu yanaşma, eyni zamanda, vətəndaşların normal həyata geri dönüşü üçün peyvəndi ntutarlı bir imkan hesab edilməsi ilə bağlıdır. Onun sözlərinə görə, Şvats rayonunda əhalinin əksəriyyətinin vaksinasiyaya hazır olması Avropanın digər regionları üçün də müsbət çağırışdır.