“Apple” şirkəti “iPhone” smartfonlarının təmirində qənaət edəcək


Digərləri 23 Fev 2021 21:15:00 141 0

“Apple” şirkəti “iPhone” smartfonlarının təmirində qənaət edəcək

"Apple" şirkəti defektli "iPhone 12" smartfonlarında bəzi texniki nasazlıqlara görə onları yeniləri ilə əvəzləməyəcək. Bu barədə "MacRumors" nəşrinin məlumatında deyilir.

Son.az ictnews.az-a istinadən bildirir ki, nəşrin redaksiyasına "Apple" şirkətinin rəsmi servis mərkəzlərinin nümayəndəsi tərəfindən daxili məktub göndərilib. Məktubda qeyd olunur ki, şirkət "iPhone 12" və "12 mini" modellərinin təmiri üzrə qaydaları dəyişir. Qüsurlu qurğularda sıradan çıxma halları ilə bağlı tərtib edilən siyahıda servis mərkəzlərinin mütəxəssisləri tərəfindən onların yeniləri ilə əvəzlənməyəcək hallar göstərilib.

"iPhone" smartfonlarının təmirində qənaət və müştərilərə xidmətin göstərilməsini sürətləndirmək məqsədilə "Apple" servis mərkəzlərinin ustalarına sıradan çıxmış ana plata, "Face ID" biometrik sensoru və korpusun arxa panelinin kosmetik zədələnmələrini yerindəcə aradan qaldırmaq tapşırılıb. Bu halda servis mütəxəssisləri tərəfindən sıradan çıxmış komponentlər dəyişdiriləcək - məsələn, "iPhone" arxa panelində çatlar yarananda o, yeni arxa paneli ilə əvəzlənəcək. "Apple" şirkətinin məlumatına görə, müvafiq qərar təmir prosesini optimallaşdırmağa, sərf edilən komponentlərin sayını və karbon izini azaltmağa imkan verəcək.

Jurnalistlərin fikrincə, gələcəkdə "Apple" şirkəti "iPhone" modelinin təkcə arxa paneli və ana platasını yox, digər komponentləri, məsələn, ekranı dəyişəcək. Bununla əlaqədar smartfonların təmiri xeyli sürətlənəcək və təmir işləri bilavasitə müraciət günündə yerində aparılacaq.

Bildirilir ki, yeni praktika bütün dünyada fəaliyyət göstərən "Apple" şirkətinin rəsmi servis mərkəzlərində "iPhone 12" və "12 mini" modellərinə şamil olunacaq. Seriyanın qabaqcıl smartfonları - "iPhone 12 Pro" və "12 Pro Max" əvvəlki qayda üzrə təmir ediləcək.