Ögey qızını bıçaqlayan kişi: "Gecələr "can", baş üstə" deyirdi"


Digərləri 19 Yan 2021 15:49:00 91 0

Ögey qızını bıçaqlayan kişi: "Gecələr "can", baş üstə" deyirdi"

Naftalan şəhərində arvadını qətlə yetirməkdə, ogey qızını öldürməyə cəhddə ittiham olunan 1975-ci il təvəllüdlü Zəfər Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az teleqraf.com-a istinadən xəbər verir ki, Zəfər Məmmədov 4 iyul 2020-ci ildə saat 23 radələrində 2010-cu il təvəllüdlü oğlu Həsənin ad günü münasibəti ilə Goranboy rayonunun Yuxarı Ağcakənd kəndində keçirilmiş məclisdə içdiyi alkoqollu içkinin təsirindən sərxoş olub.

O, bu vəziyyətdə Naftalan şəhərində yaşadığı nömrəsiz evə qayıtdıqdan sonra həyətdə qovaq ağacının altında ögey qızı, 2002-ci il təvəllüdlü Aysun Həsənovanın mobil telefonla başqa şəxslə danışmasını bəhanə gətirib.

Ana və qızına dəhşət yaşatdı

Zəfər Məmmədov Aysun Həsənova və arvadı, 1979-cu il təvəllüdlü Elnurə Verdiyevanı öldürmək qərarına gəlib. O, bıçaqla öncə arvadı Elnurə Verdiyevaya azyaşlı oğlu və qızı Aysunun gözü qarşısında çoxsaylı zərbələr endirib.

Anasına yardım üçün gələrək onu yerdən qaldırmaq istəyən Aysun Həsənovaya da azyaşlı qardaşının gözü qarşısında bıçaq zərbələri vurub.

Aysun Həsənova və Elnurə Verdiyeva kömək məqsədi ilə hadisə yerinin yaxınlığından keçən avtomobil yoluna qaçıb, onları görən Məlahət Məmmədova idarə etdiyi "Volkswagen Passat" markalı avtomobili saxlayıb.

Kömək etmək istədilər, hədə-qorxu gəldi

Avtomobildən düşən Məlahət Məmmədova onların hər ikisinə kömək etməkistəyib. Elnurə Verdiyevanı avtomobilin arxa oturacağına mindirdikdən sonra Aysun Həsənovanı da avtomobilə gətirmək istəyib.

Zəfər Məmmədov əlindəki bıçağı ana və qıza kömək etmək istəyən Məlahət Məmmədovaya istiqamətləndirib, ona "bunlara dəymə, yoxsa səni də öldürəcəm, bunların ikisini də öldürmək istəyirəm" sözlərini deyib.

Zəfər Məmmədov Məlahət Məmmədovanı hədələyib, hadisə yerindən uzaqlaşmağa məcbur edib.

Bu zaman Aysun Həsənova yaranmış imkandan istifadə edərək bir qədər irəliləyib və üzü üstə avtomobil yoluna yıxılıb. Ətrafda olan şəxslər bunu görüb və onu xəstəxanaya aparıblar. Qıza vaxtında ixtisaslı tibbi yardım göstərilməsi səbəbindən həyatı xilas edilib. Elnurə Verdiyeva isə vəfat edib.

"Qızı ilə yaşadığım evə köçüb"

Zəfər Məmmədovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 29,120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd), 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) 29,120.2.7-ci (iki və ya daha çoxs şəxsi öldürməyə cəhd), 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Zəfər Məmmədov ittiham üzrə özünü qismən təqsirli bilib. O, qeyd edib ki, 2010-cu ildə Naftalan şəhər sakini Elnurə Verdiyeva ilə rəsmi olaraq evlənib: "Elnurə Verdiyevanın məndən əvvəlki nikahından 17 yaşlı Aysun adlı övladı olub. Elnurə ilə evləndikdən sonra o, qızı ilə mənim yaşadığım evə köçdü. Elnurə ilə nikahdan 2010-cu il təvəllüdlü oğlum dünyaya gəldi".

"Qız gecə oğlanlarla..."

Təqsirləndirilən şəxs qeyd edib ki, təxminən 2020-ci aprel ayından başlayaraq Aysun evdə telefonla tanımadığı oğlanlarla danışdığını bilib:

"Aysun gecə saatlarında öz otağında kiminləsə telefonda danışırdı, danışıqların "can", "bəli", "baş üstə" kimi sözlərdən ibarət məzmunundan isə Aysunun oğlanla danışdığını başa düşdüm. Bir neçə dəfə Elnurəyə qızını başa salmasını, sonuncunun hansısa oğlanla danışıb, münasibət qurmasını və məni biabır etməsinin qarşısını almasını istədim. Elnurə isə qızı ilə danışacağını və bu hərəkətlərinə son qoyulacağını bildirdi".

"Əsl səbəbi deməyə utandım"

Zəfər Məmmədovun ifadəsinə görə, 2020-ci ilin aprel ayından etibarən müxtəlif vaxtlarda, dəqiq xatırlamadığı tarixdə Elnurəni və qızını evdən qovub:

"Bu zaman bəzi hallarda sərxoş, bəzi hallarda isə ayıq olmuşam. Hər dəfə Elnurəni və qızını evdən qovanda onlar polisə müraciət ediblər. Polis məndən arvadımı və qızımı evdən qovmağımın səbəbini soruşanda, sərxoş olduğumu demişəm, əsl səbəbi deməyə utanmışam.

Sonra Elnurəni və qızı yenidən evə buraxmışam. Hər dəfə Elnurə qızı ilə danışıb və qızının belə hərəkətlərinə son qoymasını tələb etmişəm. Arada pərdə saxlayaraq Aysuna bu barədə heç nə deməmişəm".

"Mənim evimdə pozğunçuluq eləmək olmaz"

Zəfər Məmmədovun ifadəsinə görə, Aysuna 7-8 dəfə zəng edib, lakin Aysunun telefonu məşğul olub: "Aysunun yenə oğlanla danışdığını bildiyimdən əsəbiləşdim. Bir daha zəng etdikdə, Aysun telefona cavab verdi. Həmin vaxt Aysunu təhqir etdim. Aysun buraxılış imtahanları ilə bağlı sinif yoldaşları ilə danışdığını bildirdi.

Gecə evə qayıtdım və Elnurəyə bir daha "qızına denən özünü yığışdırsın, mənim evimdə pozğunçuluq eləmək olmaz, mənim başımı aşağı salmasın, istədiyi varsa elçi gəlsinlər, yoxdusa bu telefon danışıqlarına son qoysun"dedim. Elnurə yenə qızı ilə danışacağına söz verdi".

"Öğlanlarla danışdığını hiss etdim"

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə baş verən günü, günorta saat 16 radələrində ailəvi olaraq, arvadı Elnurə, ögey qızı Aysun və oğlu Həsənlə istirahət etmək üçün Yuxarı Ağcakənd kəndinə gediblər:

"Biz yeməklərimizi özümüzlə götürmüşdük. Orada çayın qırağında yer tutaraq yemək bişirdik, istirahət etdik. Özümlə 0.7 litrlik araq, 2 litrlik "Xırdalan" pivəsi də aparmışdım. Araqdan təxminən 200 qram tək içdim. Pivəni isə çayın qırağında istirahət edən tanımadığım adamlarla bölüşərək içdik. Axşam saat 23 radələrində evə qayıtdıq.

Evə çatdıqda Aysun evin qabağında gəzərək telefonla kiminləsə danışmağa başladı. Onun yenə də oğlanlarla danışdığını hiss etdim. Aysunun hansı məzmunda danışmasını eşitməmişəm. Elnurə isə özləri ilə aparıb gətirdiyimiz qab-qacaqları yığışdırdı. Həmin vaxt Aysuna "telefonu yerə qoy, sumkalara köməy elə" dedim.

Aysunla aralarımızda təxminən 1-2 metr məsafə olmasına baxmayaraq mənə cavab vermədiyindən təkrar ona anasına kömək etməsini bildirdim".

"Aysunu qırağa itələyərək qabağıma keçdi"

Zəfər Məmmədovun sözlərinə görə, həmin vaxt Aysun Elnurəyə "Çıxaq gedək, bu alkaş yenə içkilidi, dava salacaq" deyib: "Aysunun bu sözünə əsəbiləşdim. Onu öldürmək qərarına gəldim. Aysunun üzərinə getdim, o, qaçdı, mən də dalınca düşüb avtomobil yolunun qırağında şam ağaclarının yanında onu tutdum.

Həmin vaxt Elnurə özünü çatdıraraq məni tutdu və dedi ki, lazım deyil, eləmə. Elnurə məni tutanda çiynimdə çanta vardı. Çanta açıq idi, içində ərzaq doğramaq üçün özümüzlə götürdüyümüz bıçaq vardı.

Bıçağı çantadan çıxardım və dərhal Aysunun xatırlamadığım nahiyəsindən vurdum. Elnurə Aysunu qırağa itələyərək qabağıma keçdi".