Media sahəsində islahatlar başladı Yeni qurum yaradıldı


Digərləri 12 Yan 2021 22:26:00 133 0

Media sahəsində islahatlar başladı  Yeni qurum yaradıldı

Prezident İlham Əliyev Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında Fərman imzalayıb.

Son.az Trend-ə istinadən bildirir ki, fərmana əsasən, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) yaradılıb.

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) hüquqi varisi olan bu yeni qurum KİVDF-nin bütün hüquqlarına sahib olacaq.

"Səs" Media Qrupunun rəhbəri Bəhruz Quliyev Trend-ə açıqlamasında bildirib ki, son dövrdə informasiya məkanında arzuolunmaz halların sayı çoxalmışdı, bu da mənfi nəticələrə gətirib çıxara bilərdi: "2-ci Qarabağ Müharibəsi zamanı media məkanında çoxdan bəri müşahidə olunan problemlər daha da kəskinləşdi. Söhbət informasiya təhlükəsizliliyindən, informasiya çirkliliyindən və KİV üzərindən həyata keçirilən təxribat əməllərdən gedir. Məlum olduğu kimi, internet məkanındakı azadlıq və özbaşınalıq əksər hallarda mənfi fəsadlara gətirib çıxarır. Hər hansı bir ictimai və ya dövlət əhəmiyyətli hadisə zamanı şayiələr, dezinformasiyalar, məqsədli təxribat cəhdləri baş alıb gedir və bəzi qüvvələr ajiotaj yaratmağa çalışırlar. Nəticədə cəmiyyət yalan informasiya ilə yüklənir, sosial narazılıq yaranır, müxtəlif şəxslərə, dövlət orqanlarına qarşı haqsız qınaqlar formalaşır".

Jurnalist hesab edir ki, Azərbaycan mediasının daha çox bəhrələnməsi, onun şəffaflıq və vətəndaş məmnunluğu prinsiplərinə əsaslanan, cəmiyyətin obyektiv və peşəkar şəkildə məlumatlandırılmasına xidmət edən fəaliyyətinin stimullaşdırılması üçün bu sahədə əsaslı islahatlar aparılmasına zərurət yaranmışdı: "MEDİA jurnalistika sahəsində keyfiyyət dəyişikliklərinə olan ehtiyacları tamamilə aradan qaldıracaq. KİV haqda Qanun dövrün tələblərinə cavab vermədiyi üçün təkmilləşdirilməlidir və yeni qurum qarşısında qoyulan başlıca vəzifələrdən biri də mövcud olan "Kütləvi informasiya vasitələri" haqqında köhnələnqanunun əvəzinə "Media haqqında" qanun layihəsi hazırlamaqdır".