BMTnin Baş katibi: Elm, birlik və həmrəylik COVID19 üzərində qələbənin açarıdır


Dünya 28 Okt 2020 02:30:00 172 0

BMTnin Baş katibi: Elm, birlik və həmrəylik COVID19 üzərində qələbənin açarıdır

COVID-19 pandemiyası ilə bağlı böhranın aradan qaldırılması üçün fövqəladə hallara daha yaxşı hazırlaşmaq, alimlərin fikrinə qulaq asmaq və həmrəylik ruhunda birgə fəaliyyət göstərmək lazımdır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, BMT-nin Baş katibi bu fikirləri səhiyyə üzrə sammitin iştirakçılarına ünvanlanmış videomüraciətdə söyləyib.

Oktyabrın 25-də Berlində başlanmış bu sammit Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dəstəyi ilə keçirilir. Tədbirdə dünya dövlətlərinin, beynəlxalq təşkilatların və elmi ictimaiyyətin 2500 nümayəndəsi iştirak edir. Görüşdə səhiyyənin qlobal problemləri və onların həlli yolları müzakirə ediləcək.

Antonio Quterreş videomüraciətində koronavirus pandemiyasının dağıdıcı nəticələrini xatırladıb: 42,5 milyon nəfər koronavirusa yoluxub, təqribən 1 milyon 147 min nəfər bu xəstəlikdən vəfat edib. Baş katibin fikrincə, bu pandemiya qlobal səhiyyə sistemlərinin səmərəli olmadığını, onların fövqəladə hallara lazımi şəkildə cavab verə bilmədiyini sübut edib.

Bu günə qədər pandemiya səbəbindən 500 milyona yaxın iş yeri ixtisar edilib. Dünya iqtisadiyyatının hər ay üzləşdiyi itkilər 375 milyard dollara yaxındır. Qadınlara qarşı zorakılıq halları kəskin şəkildə artıb, psixi xəstəliklər isə "böhran daxilində böhran"a çevrilib. Təqribən 24 milyon uşaq təhsil almaq imkanından məhrum olub.

"COVID-19 2030-cu ilə qədər olan dövrdə davamlı inkişaf gündəliyində nəzərdə tutulanları həyata keçirmək imkanından uzaqlaşdırır", - deyən BMT rəhbəri daha sonra əlavə edib ki, "biz bu çağırışa hazır deyildik".

Quterreş xatırladıb ki, səhiyyənin əlçatanlığı hüququ dünyada milyardlarla insan üçün əslində əlçatmaz olub. Tibbi xidmətlərin yüksək dəyəri səbəbindən insanların çoxu bu xidmətlərdən istifadə edə bilmir. Baş katibin fikrincə ümumi tibbi sığorta tibbi xidmətin hər kəs üçün əlçatan, keyfiyyətli və ədalətli olmasının yeganə yoludur.