Həmidə Ömərova gürcü aktyorun nəyinə gülürdü?


Digərləri 28 Sen 2020 23:05:00 178 0

Həmidə Ömərova gürcü aktyorun nəyinə gülürdü?

Son.az kulis.az-a istinadən "Yol əhvalatı" bədii filmini təqdim edir.

Əhvalatın qəhrəmanlarından biri, sürücü Mustafa (Vaxtanq Pançulidze) qonşusu Zümrüdlə (Həmidə Ömərova) ailə qurmaq arzusundadır. Gənclərin sevgisi qarşılıqlı olsa da Zümrüdün atası, "JEK" müdiri Qurban (Səyavuş Aslan) bu izdivacın əleyhinədir. O, qızını uşaqlıqdan deyikli etdikləri dostunun oğluna verməyi planlayır. Vəzifəsindən sui-istifadə edərək pul qazanan Qurban Mustafanı da öz məqsədinə alət etmək istəyir. Ancaq Qurbanın niyyəti baş tutmur, o, həbsə girir, Mustafa Zümrüdlə evlənir...

1980-ci ildə ekranlara çıxan "Yol əhvalatı" Teymur Bəkirzadənin ilk tammetrajlı bədii filmidir. Buna qədər isə rejissorun, Bakı İdman Malları Fabrikinin həndbolçu qızların gərgin keçən bir oyunundan bəhs edən "Dissonans" ( 1978) sənədli filmi 1979-cu ildə Leninqradda VII Ümumittifaq idman filmləri kinofestivalında Qızıl Medala, 1982-ci ildə isə Budapeştdə qısametrajlı filmlərin Beynəlxalq kinofestivalında Bürünc Medala layiq görülüb.

Yeri gəlmişkən, Teymur Bəkirzadə eyni zamanda "Ömrün səhifələri" almanaxına daxil olan, ən yaxşı qısametrajlı filmlərimizdən biri olan "Rəqiblər"in (1974) də müəllifidir.

Rejissorun "Yol əhvalatı" əsəri atmosfer, tipajlar, süjet etibarilə müəyyən mənada italyan komediyalarını xatırladır. Söhbət 1960-1970-ci illərdə həm İtaliyada, həm də dünyada populyarlıq qazanan italyansayağı komediyalardan gedir. Sözügedən komediyaların əsas cəhətləri müəllifin kiçik insanın taleyinə, onun gündəlik məişətinə ironik, sosial satirik yanaşma, eyni zamanda lirizm, dramatizm, qrotesk və s. xasdır.

"Yol əhvalatı" daha çox Dino Rizinin "Müqəddəs Yanuari əməliyyatı" tipli filmləri xatırladır ki, burada süjet xətti dərin işlənməsə də əsasında keyfiyyətli yumor dayanır. Yəni, başqa cür desək, "Yol əhvalatı" kütləyə xitab edən zövqlü ekran əsəridir.

Süjet əsasən, iki xətt üzərində qurulur: əhvalatın lirik tərəfi Zümrüd-Mustafa məhəbbəti; cinayətin, satira və yumorun yer aldığı Qurban və dəstəsinin fəaliyyəti. Lakin rejissor həlli elə qurulub ki, melodramatik xətt arxa plana keçir. Çünki filmin dadı-duzu, seyrçinin əsas maraq nöqtəsi məhz Qurban və onun dəstəsində cəmlənir. Komediyanın dili ilə qabardılan problemlər heç indi də həllini tapmayıb: "JEK" müdirinin iş səlahiyyətini aşması, sakin Eldənizin (Eldəniz Zeynalov) şikayətinə məhəl qoyulmaması, əlaltından yerli məhsulun xarici mal adı ilə sırınması və ümumən baş verənlərin absurd həddinə çatdırılması.

Yuxarıda qeyd olunduğu kimi "Yol əhvalatı" dərin sənət əsəri deyil. Lakin keyfiyyətli populyar filmdir. Müasir komediyalarda ehtiyac duyulan aktyor ustalığı, günün ritmini tutan, bayağılığa yol verməyən səliqəli, ağıllı ssenari və rejissor həlli, təmkinli kolorit və digər vacib ənənələr çağdaş kinomuzda inkişaf etdirilmədi.

"Yol əhvalat"ındakı absurd və qrotesk vəziyyətləri inandırıcıdır, saxta deyil, burada baş verənlərə adekvat, dramaturji məntiq var.

Xüsusən, Səyavuş Aslanın improvizə edərək sözlərarası istifadə etdiyi rusca kəlmələr tamamilə yerinə oturur və qıcıqlandırmır. Ona görə ki, S.Aslan da daxil olmaqla, digər aktyorların Yaşar Nurinin, Kamil Məhərrəmovun, Hacı İsmayılovun işinə usta, peşəkar münasibətindən qaynaqlanır.

Filmdə Zümrüdün deyiklisi olan Fərid roluna müğənni Elxan Əhədzadə çəkilməli idi. Lakin o, çəkiliş günü səhər qəfil qastrola getdiyi üçün rol Yusif Əlizadəyə təklif olunur. Y.Əlizadə bu filmdə həm də rejissor assistenti olub.

Hacı İsmayılov müsahibələrindən birində filmlə bağlı belə bir əhvalatı bölüşür: