"Məndən nə istəyirsiniz, gedim özümü öldürüm?" APARICI MİKAYIL DANIŞDI VİDEOMÜSAHİBƏ FOTO


Şou-biznes 25 Sen 2020 06:02:00 167 0

"Məndən nə istəyirsiniz, gedim özümü öldürüm?"  APARICI MİKAYIL DANIŞDI  VİDEOMÜSAHİBƏ  FOTO

"Gəldim eeeyyy, gəldiiim"...

Mikayıl Güləddinoğlunu deyirik.  

"Space" Televiziyasının tanınmış aparıcısı, həm tamaşaçısının, həm də tənqidçisinin çox olduğu, verilişində gah şer deyib, gah mahnı oxuyan, seyrçisini hərdən romantik ovqata, hərdən də gülüşə kökləyən, həmkarlarının ən çox qınaq və hiddətinə tuş gələn Mikayıl. 

Onunla çox mətləblərdən danışdıq. Çalışdığı televiziyanın rəhbəri Vaqif Mustafayevdən, onu sərt tənqid atəşinə tutanlardan və ürəyi soyumayıb təhqir edənlərdən.

Beləliklə, Son.az Mikayıl Güləddinoğlunun news24.az-a müsahibəsini təqdim edir:

- Bu yaxınlarda dostunuz Nofəl Süleymanovu itirdiniz. Onun yoxluğu ilə barışa bilirsinizmi? 

- Çox düzgün qeyd etdiniz, illərimin əzizini itirdim. Yəni ki, yaxşı idim, amma son günlərimi çox pis keçirirəm. Bildiyiniz kimi Nofəl Süleymanov çox faciəvi şəkildə dünyasını dəyişdi. Onun ölümü məni çox sarsıtdı. Ona görə də bu gün yaxşı olduğumu deyə bilmərəm. Onun öldüyü gün günorta saatlarında mənə zəng gəldi. Nofəlin yaxını, həm də oğlu Şövqi Süleymanovun məşqçisi, sərbəst güləş üzrə dünya çempionu Cavid Qurbanovla telefonla əlaqə saxladıq. Cavid dedi ki, "durma gəl, Nofəl rəhmətə gedib". Elə bildim zarafat edir, inanmadım, amma sonra Nofəlin evinə gedib polisləri, eyvanda onun nəşini görəndə dəhşətə gəldim. Nofəl eyvandan mətbəxə keçən yerdə vurulmuşdu. Hələ də sarsıntı içərisindəyəm, çünki biz yeddi il birgə tamaşaçı qarşısına çıxmışıq. 

- Dəfndə iştirak edən tək-tük insanlardansınız. Söhbətdə adı hallanan, musiqiçinin oğlu Şövqi Süleymanovu orda gördünüzmü? 

- Bəli, əlbəttə. Oğlu şokdaydı. İndi uşağa baxanda adamın ürəyi ağrayır. Bilirsinizmi, Nofəl Şövqi ilə nəfəs alırdı, onun üzərində əsirdi, hər bir uğuruna çox sevinirdi. Ümumiyyətlə onlar ata-oğul kimi bir-birilərinə çox bağlı idi.  

- Toy yoxdur. Televiziyadan aldığınız maaş dolanmaq üçün sizi qane edirmi? 

- Çox çətindir, amma qənaət edirəm. Atamın 61, anamın isə 59 yaşı var. Onları da mən dolandırıram, çünki evin tək oğlu mənəm. Həyat yoldaşım da çalışmır, hələ üstəlik də üç uşağım var. Yəni ailədə yeddi nəfərik. Gəl indi bu yeddi nəfəri ay yetim Mikayıl dolandır. Amma onu da sizə deyim ki, ətrafımda imkanlı, bu sahədən olmayan yaxşı dostlarım da var. Hansılar ki, bir zəngimə mənə yardım əllərini uzada bilər. Çox şükür ki, hələ elə bir vəziyyət yaranmayıb, amma hər an da ola bilər.

- Dediniz o şəxslər bu sahədən deyil. Bəs, musiqiçilərdən güvəndiyiniz insan yoxdur? 

- Yalnız iki nəfər. Onlardan biri dünyasını dəyişdi, ikinci şəxs isə Fərhad Tufandır. Ona desəm ki, mənə görə maşınını sat, həmin dəqiqə edər, amma başqalarına güvənmirəm. Müğənnilərdən isə ən yaxınım Əflatun Qubadovdur. 

- Evinizə gedib-gələn şou-biznes nümayəndəsi varmı? 

- Xeyr. Mən özüm də heç kimin evinə qonaq getməyi sevmirəm. Kənarda görüşək, əylənək kifayətdir. Heç şou-biznes nümayəndələrinin toylarına da getmirəm. Çünki dəhşətli dərəcədə kompleksim var. Elə bilirəm ki, içəri girəndə hər kəs mənə baxacaq sonra da özümü itirərəm, ayağım harasa ilişər yıxılaram, çay içəndə üstümə suyu tökərəm, amma kamera qarşısında çox sərbəstəm. Nə qədər yorğun olsam da, bunu tamaşaçıma bildirmərəm. Veriliş də başlayan kimi aləm dağılı, hər şey bir-birinə dəyir, amma real həyat tamamilə fərqlidir. Məsələn, maşınıma birinci dəfə əyləşən hər kəs təəccüblənir. Çünki görürlər ki, avtomobilimdə Nino Rotanı, repi, cazı, simfoniyanı dinləyirəm. Bu onlar üçün çox qəribə gəlir. Anlamırlar ki, ekranda mən başqayam, həyatda isə tam fərqliyəm. O, mənim işimdir, bu isə ruhum. Ya da ki, evə çox yorğun gedəndə dərhal Markesdən bir-iki səhifə oxuyuram, sonra öz-özümə Ramiz Rövşəndən bir şeir deyib rahatlaşıram. Bir sözlə, efirdəki sintezator, "toyxana" səsi mənim işimdir, o, ruhum ola bilməz.  

- O zaman niyə ruhunuzu oxşayacaq verilişlər aparmırsınız? 

- Balalarım üçün bu işi görməyə məcburam. Onların yaxşı yaşaması, dolanması, pulumun olması üçün. Sizə bir söz deyim. Məşhur "Çal çağır" verilişini xatırlayırsınız? Onu da mən yaratmışam. Bəlkə də çoxları bunu heç bilmir. Amma o, "rakka-çıkka" olandan sonra mən Mikayıl Güləddinoğlu, daxmada yaşayan oğlan özünə gün ağladı. Biz çox pis şəraitdə yaşamışıq. Yağış yağan kimi hər yeri vedrə, aş qazanları ilə doldururduq ki, batmayaq. Çünki evin damı yox idi. Evdə ilbizlər gəzirdi, siz indi bunu təsəvvür edin. Bütün bunlar Sabunçudakı buruqların yanındakı evimizdə yaşanırdı. Hətta arada elə olurdu ki, dostlarımızla çayxanadan, yeyib-içməkdən qayıdandan sonra, məni maşınla evə aparmaq istəyəndə yalandan başqa evin önündə düşürdüm ki, harada və hansı şəraitdə yaşadığımı görməsinlər. İndi isə o "toyxana"ya görə mən ev-eşik sahibi olmuşam. İnanın ki, camaat bizdən nəyi istəyirsə, biz də onu veririk. Efirimə hər bir nəslin nümayəndəsi baxa bilər, çünki orda nalayıq söz yoxdur. Mən indi efirimdə hər şeydən danışa bilərəm, o gücə və intelektə də malikəm, amma inanın ki, bu heç kimə lazım olmayacaq. Çünki, insanlar məndə ciddilliyi qəbul etmirlər.

- Bir müddət öncə başqa tipli layihə etdiniz, amma reytinq vermədiyinə görə verilişi bağladınız. Yəni, sizin üçün reytinq səviyyədən üstündür?