Həmid Mənafi Nadarlı Evin həbsxanasından zaminə buraxılıb


Dünya 22 Sen 2020 21:16:00 137 0

Həmid Mənafi Nadarlı Evin həbsxanasından zaminə buraxılıb

İranın paytaxtındakı Evin həbsxanasında saxlanılan güneyli siyasi məhbus Həmid Mənafi Nadarlı zaminə buraxılıb.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin yaydığı məlumata görə, əslən İran Azərbaycanının Nadarlı kəndindən olan və hal-hazırda Tehranda yaşayan Həmid Mənafi Nadarlı sentyabrın 16-da Baharistan məhkəmə icraatı tərəfindən girov müqaibilində zaminə buraxılıb.

Həmid Mənafi Nadarlı, Əlirza Fərşi və Behnam Şeyxi ilə eyni gündə iyul ayının 21-də Tehrandakı iş yerində təhlükəsizlik qüvvələri tərəfindən tutulub və iki illik həbs cəzasını çəkmək üçün Tehranın Evin həbsxanasına köçürülmüşdü.

Həmid Mənafi Nadarlı, Əkbər Azad, Əlirza Fərşi, Behnam Şeyxi, və digər milli fəallar 2014-cü ilin Fevral ayında Beynəlxalq Ana Dili Gününü qeyd etmək məqsədilə qurulan bir mərasimdə iştirak etdikləri üçün Tehranın Nəsimşəhr şəhərində həbs edilib və bir müddət nəzarət altına alındıqdan sonra məhkəmənin qərarına qədər girov müqabilində müvəqqəti olaraq sərbəst buraxılmışdılar.

Həmid Mənafi Nadarlı 2016-cı ilin Fevral ayında Baharistan İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən "ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə qeyri-qanuni qrup formalaşmasında iştirak etmək" ittihamı ilə 10 il həbs cəzası və Loristan vilayətinə iki il sürgün cəzasına məhkum edilmişdi. Bu hökm daha sonra Tehran Apellyasiya Məhkəməsinin 54-cü şöbəsinin sədri olan hakim Babayi tərəfindən 2 il həbs və 2 il sürgünə endirilmişdi.