30 illik papaq davasının arasına "şortik" girə bilməz


Digərləri 21 Sen 2020 14:01:00 179 0

30 illik papaq davasının arasına "şortik" girə bilməz

Bizim başqa dərdimiz yoxdur, 30 ildir torpaq, namus davası aparan xalq da biz deyilik. Sosial şəbəkələrdə müzakirə edəcəyimiz tək dərdimiz "şortik" kimi məişət səviyyəsində olan məsələlərdir. 

Bu qənaətə son iki gündə Facebook lentimə göz gəzdirəndən sonra gəldim. Özümü bir anlıq Baden-Badenin mavi gecələrində şam yeməyinə çıxmağa hazırlaşan insanların geyim seçimi zamanı tərəddüdlərini izləyən xidmətçi kimi hiss etdim. Bir özümə baxdım, bir də yaşadığım kənd həyatına. Amma bir az özümü "Sehirli xalat"dakı Xana da bənzətdim. Dərhal şalvarımın balağını corabımın içindən çıxartdım. Məni bu sıxıntıdan telefonumun ekranına gələn bildiriş ayırdı: "Sürücülük vəsiqəsi imtahanına gələn "şortik"li kişilər imtahana buraxılmayacaqlar".

Nə baş verir? Ermənilərlə 30 illik papaq davamız qalıb qıraqda, Bakıda şortik "davası" gedir?

Sosial şəbəkələrdə qeyri-ciddi paylaşımlar günbəgün artır. Kimisi nə yazdığını bilmir, kimisi də qonşudan geri qalmaq istəmir. Axı biz bu deyilik. Sosial şəbəkələrdə yazacaqlarımız, paylaşacaqlarımız geyimimizi, gedəcəyimiz yeri, zümzümə edəcəyimiz mahnını seçəcəyimiz qədər sadədir. Amma əksəriyyət niyə bu qədər bəsitliyin arxasınca düşüb, bu "silah"dan havaya atəş açmaqla məşğuldur. Hədəf seçməliyik, amma nəzərə almalıyıq ki, bizi hədəf alan, onsuz da, kifayət qədərdir.

Cəbhədə son vaxtlar vəziyyət olduqca gərginləşib, bəlkə də atəşkəsdən bəri bu qədər müharibəyə yaxın olmamışıq. Sosial medianın imkanlarının ölkələrdə inqilablara gətirəcək qədər böyük gücə sahib olduğunun dəfələrlə şahidi olmuşuq. Amma bizim düşmənimiz bəllidir. Bu gün Azərbaycandan qat-qat iqtisadi və hərbi gücü zəif olan Ermənistanın yeganə üstünlüyü məhz informasiya sahəsindədir.