Əmək müqaviləsi ilə çalışan əlil şəxslərin sayı açıqlandı


Digərləri 18 Sen 2020 12:39:00 190 0

Əmək müqaviləsi ilə çalışan əlil şəxslərin sayı açıqlandı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) "Əmək müqaviləsi bildirişi" e-sistemində 1 milyon 600 mindən çox müqavilə bildirişi mövcuddur.

ƏƏSMN-dən Son.az-a verilən məlumata görə, nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən altsistem üzərindən mütəmadi təhlillər, analizlər və nəzarət tədbirləri həyata keçirilir.

Altsistemdə hazırda mövcud olan müqavilə bildirişlərinin 56 066-sı əlilliyi olan şəxslərlə bağlanılan müqavilələrə məxsusdur. Rəsmi əmək münasibətində olan əlilliyi olan şəxslərin 754-ü birinci, 41 min 496-sı ikinci, 13 min 803-ü isə üçüncü qrup əlillərə aiddir. Həmçinin qeyd edək ki, altsistemdə olan əmək müqaviləsi bildirişlərinin 13-ü sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlara məxsusdur.

Rəsmi əmək müqaviləsi ilə işləyən əlilliyi olan işçilərin 36 356-sı dövlət, 19 710-sı isə qeyri-dövlət sektorunda çalışır. Onlar ən çox təhsil, səhiyyə və sosial xidmətlər, topdan və pərakəndə ticarət, dövlət idarəetməsi və müdafiə, icbari sosial təminat kimi iqtisadi fəaliyyət növləri üzrə işə cəlb olunublar.