Ekspress avtobuslar xətdən çıxarılır?


Digərləri 11 Sen 2020 13:46:18 141 0

Ekspress avtobuslar xətdən çıxarılır?

Sentyabrın 14-dən etibarən metronun yenidən fəaliyyətinin bərpa edilməsi ekspress marşrut xətlərinin ləğvi məsələsini gündəmə gətirib.

Bakı Nəqliyyat Agentliyinin Mətbuat katibi Mais Ağayev ekspress marşrut xətlərinin ləğvi məsələsi ilə bağlı Son.az-ın sorğusuna cavab verib:

"Bakı metropolitenində sərnişindaşımaları bərpa olunsada, mövcud epidemioloji vəziyyət və çoxsaylı vətəndaş müraciətləri nəzərə alınaraq ekspres xətt avtobuslarının fəaliyyəti davam etdiriləcək. Belə ki, ekspres xətlər üzrə avtobuslar əvvəlcədən müəyyən olunan qaydada sərnişinlərimizin xidmətində olacaq. Bu xətlər üzrə avtobusların sayı isə sərnişin tələbatına uyğun olaraq tənzimlənəcəkdir. 

Ekspres xətlərin sonrakı fəaliyyəti aparılan təhlillər və sərnişindaşımalara dair statistik məlumatlar əsasında müəyyən ediləcəkdir. Bu zaman vətəndaşlardan daxil olan müraciətlər də mütləq qayadada nəzər alınacaq.    

Məlumat üçün bildiririk ki, 2020-ci il sentyabrın 30-dək şənbə və bazar günləri ictimai nəqliyyat fəaliyyət göstərmədiyinə görə sentyabrın 12-i saat 00:00-dan sentyabrın 14-ü saat 06:00-dək müntəzəm və ekspres xətlər üzrə sərnişindaşıma fəaliyyəti dayandırılacaq".

Qeyd edək ki, sanitar-epidemioloji vəziyyətə uyğun olaraq 2020-ci il sentyabrın 14-ü saat 06:00-dan Bakı metropoliteninin sərnişindaşıma fəaliyyəti bərpa edilir. 2020-ci il sentyabrın 30-dək şənbə və bazar günləri ictimai nəqliyyat fəaliyyət göstərmədiyinə görə sentyabrın 19-u saat 00:00-dan sentyabrın 21-i saat 06:00-dək və sentyabrın 26-sı saat 00:00-dan sentyabrın 28-i saat 06:00-dək metropolitenin sərnişindaşıma fəaliyyəti də dayandırılır.

Təhməz Əsədov Son.az