1314 avqust tarixlərində 35 şəhər və rayonda qəbul imtahanları keçiriləcək


Digərləri 11 Avq 2020 14:46:00 188 0

1314 avqust tarixlərində 35 şəhər və rayonda qəbul imtahanları keçiriləcək

Dövlət İmtahan Mərkəzi tərəfindən 13-14 avqust tarixlərində 35 şəhər və rayonda imtahan keçiriləcək.

Son.az Trend-ə istinadən bildirir ki, həmin günlərdə cari və əvvəlki illərin məzunları üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanları, I və IV ixtisas qrupları üzrə ali təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı və qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan (Azərbaycan və ya rus dili) da keçiriləcək.

İmtahanlar saat 11:00-da başlanır. İmtahanların başlanmasına 15 dəqiqə qalmış - saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır.

İmtahanda iştirak edəcək abituriyentlər "İmtahana buraxılış vərəqəsi"ni internet vasitəsilə DİM-in saytından avqustun 7-dən etibarən çap edib götürə bilirlər.

Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu şəhər və rayonlara giriş-çıxışa məhdudiyyət qoyulduğu üçün imtahan iştirakçıları haqqında məlumat bazası aidiyyəti qurumlara təqdim ediləcək, imtahan iştirakçılarının və ehtiyac olarsa, iştirakçını müşayiət edən bir nəfərin imtahan binasına gedib və imtahandan sonra qayıtmasına icazə veriləcək. İmtahan iştirakçısına "İmtahana buraxılış vərəqəsi" ilə bir yerdə onu müşayiət edəcək 1 nəfər üçün arayış da çap etmək imkanı yaradılıb. Arayış imtahan iştirakçısı tərəfindən doldurulmalı və imza ilə təsdiqlənməlidir. Arayış yoxlama zamanı şəxsiyyət vəsiqəsi ilə birlikdə təqdim edilir və imtahan iştirakçısının özü iştirak etdikdə (imtahan binasının yaxınlığında gözləmək istisna olmaqla) və onun müvafiq sənədləri (şəxsiyyət vəsiqəsi, imtahana buraxılış vərəqəsi) təqdim edildikdə etibarlıdır. Yoxlama zamanı zərurət yarandıqda QR kodundan istifadə olunur.

Bir imtahan iştirakçısını birdən artıq şəxs müşayiət edə bilməz.

İmtahanlar 13-14 avqust tarixlərində respublikanın 35 şəhər və rayonunda keçiriləcək.

Xatırladaq ki, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 164 imtahan binası, 2877 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 164 ümumi imtahan rəhbəri, 490 imtahan rəhbəri, 3754 nəzarətçi-müəllim, 328 buraxılışı təşkil edən əməkdaş, 164 bina nümayəndəsi ayrılıb.