Sağalsan belə, orqanizmi zamanla məhv edən virus


Digərləri 11 Avq 2020 12:21:00 146 0

Sağalsan belə, orqanizmi zamanla məhv edən virus

Bir neçə ay əvvəl cəmiyyətdə koronavirusun mövcudluğuna inanmayanlar çoxluq təşkil edirdisə, hazırda vəziyyət xeyli dəyişib. Bu virusa inanmayanların qohumlarında, tanışlarında, ətrafında xəstələnənlərin sayının artması onların düşüncələrinin dəyişməsinə səbəb olub. Lakin buna baxmayaraq virusun qorxulu olmadığını, yoluxsalar belə, rahatlıqla sağalacağını düşünənlər də az deyil.

Bəs koronavirusdan sağalan insanlarda nələr baş verir?

Koronavirus ölümcül xəstəlik deyil. Covid-19-a yoluxan 20 milyondan çox insanın 12 milyonunun evə buraxılması bunu deməyə əsas verir. Amma müalicə olunaraq evə buraxılmaq koronavirusdan tamamilə sağalmaq hesab olunmur. Sadəcə olaraq, 14 gün sonra virusun yoluxma qabiliyyəti tamamilə itmiş olur.

Mütəxəssislər koronavirusdan tamamilə sağalmağın mümkün olmadığını düşünürlər. Onların fikrincə, bu xəstəliyi keçirən şəxslərdə zamanla müəyyən fəsadlar yaranır. Ekspertlər dekabr ayından bu vaxta qədər aparılan araşdırmalar nəticəsində bu qənaətə gəliblər.

Vuhan şəhərində aparılan araşdırmalar zamanı xəstələrin evə buraxıldıqdan sonra da ağciyərlərində problemlər yaşaması faktına rast gəlinib. Məlum olub ki, bu virusdan sağalan insanlarda bir müddət sonra koronavirus fəsadları özünü göstərə bilər. Həmçinin, bu virusdan müalicə olunaraq evə buraxılan şəxslərin üç ay sonra yenidən ağciyərlərində problemlərin yarandığı, özlərini yorğun və depressiv hiss etmələri aşkarlanıb. Bundan əlavə həmin insanlarda təngnəfəslik yaranır, hərəkətlərində yavaşlama hiss olunur.

Amerikalı həkimlər COVID-19-un təkcə insanın ağciyərlərinə deyil, digər orqanlarına da təsir etdiyini müəyyən edib. Luiziana Universitetinin patoloji tədqiqatlar üzrə direktoru Riçard Vander Hayde bildirib ki, koronavirusdan ölən bir neçə xəstədə ürək hüceyrələrinin müəyyən hissələrinin məhvini aşkarlayıb.

Avropa və Çində bir çox xəstədə virusun birbaşa beyinə nüfuz etdiyi və bir sıra fəsadlara səbəb olduğu bildirilir. Buraya əzələ spazmından yuxu pozğunluğuna, miqren və artan kəllədaxili təzyiqə qədər bir çox problemlər daxildir.

Hamburq-Eppendorf Universiteti xəstəxanasının bioloqları COVID-19 diaqnozu ilə reanimasiyaya müraciət edən xəstələrin böyük hissəsində testosteron səviyyəsinin aşağı olmasını aşkarlayıblar. Klinik testlər zamanı tədqiqatçılar koronavirusun kişi cinsi hormonlarına təsir göstərə biləcəyini müəyyənləşdiriblər. Onların fikrincə, koronavirus immuniteti əhəmiyyətli dərəcədə azaldır və hormonları pozur ki, bu da vaxtında müalicə olunmasa, sonsuzluğa gətirib çıxara bilər.

Britaniyada koronavirusdan sağalan 1500 nəfər arasında aparılan onlayn sorğu nəticəsində məlum olub ki, onların 27 faizinin saçları keçəlləşib. Ekspertlər bunu stressin həddindən artıq artması ilə əlaqələndiriblər. Amerikalı aktrisa Alyssa Milano şəxsi Instagram hesabında paylaşım edərək koronavirusun saçlara necə zərər verdiyini və sürətlə töküldüyünü göstərib.

Bundan əlavə, koronavirusa yoluxan və 2 ay müalicə aldıqdan sonra sağalan kardioloq Yi Fan və uroloq Hu Veifenqin dərilərinin rəngi dəyişib. Həmçinin martda koronavirusa yoluxan Kanada əsilli tanınmış aktyor Nick Cordero ( Nik Kordero ) bu virus səbəbindən ölüb.

Yuxarıda qeyd etdiyim faktlardan görünür ki, koronavirusa laqeyd yanaşmaq, gigiyenik qaydalara riayət etməmək sağlamlığımız üçün təhlükə ilə nəticələnə bilər. Çünki bu virusdan müalicə olunanlar evə buraxılsalar da, koronavirus orqanizmi məhv etməyə davam edir.

Bəxtiyar Umarlı Son.az