BŞİH çimərliklərdə sıxlıqla əlaqədar əhaliyə müraciət edib


Digərləri 09 Avq 2020 20:07:00 220 0

BŞİH çimərliklərdə sıxlıqla əlaqədar əhaliyə müraciət edib

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə çimərliklər xüsusi karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalar çərçivəsində avqustun 5-dən vətəndaşların istifadəsinə verilib.

Bakı Şəhər İcra Hakimiyyətindən Son.az-a verilən məlumata görə, yay fəslində vətəndaşların ən çox üz tutduqları məkanlardan olan çimərliklərdə son iki gündür ki, sıxlıq müşahidə olunur, bu da koronavirusa yoluxma riskini artırır.

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) şöbə müdiri Elmin İmanov bildirib ki, qurum rayon icra hakimiyyətləri ilə birgə paytaxtdakı bütün çimərliklərə yerində baxış keçirib. E. İmanov qeyd edib ki, çimərliklərdəki vəziyyət təhlil edilib, həmin ərazilərdə infrastrukturun yaxşılaşdırılması, mövcud vəziyyətin daha da ürəkaçan olması istiqamətində addımlar atılıb. Hər bir çimərlikdə ən ümdə məsələ mövcud epidemioloji vəziyyətə uyğun olaraq sosial məsafənin gözlənilməsi, həmin ərazinin dezinfeksiyaedici məhlullarla təmin edilməsidir. Bununla yanaşı, çimərlik ərazisində xüsusi maafirləndirici lövhələr qoyulub. Lövhələrdə çimərlik ərazilərində əməl edilməsi vacib olan qaydalar öz əksini tapıb. Sosial məsafənin qorunmasını təmin etmək üçün əhalinin istirahət etdiyi yerlər xüsusi nişanlanlarla ayrılıb. Eyni zamanda, tələb olunan qaydalara əməl edilməsi səsgücləndiricilər vasitəsilə istirahətə gələn vətəndaşların diqqətinə mütəmadi olaraq çatdırılır.

Onun sözlərinə görə, ən həssas məsələlərdən biri buradakı təmizlik vəziyyətidir. İcra hakimiyyətinin əməkdaşları və tabeliyindəki qurumlar bununla bağlı gücləndirilmiş iş rejimində işləyirlər. Burada təmizliyin qorunması, tullantıların daşınması üçün bütün əməkdaşlar çox ciddi fəaliyyət göstərirlər. Çimərliklər təmizlik baxımından çox yüksək səviyyədədir, bununla bağlı hər hansı bir problem yoxdur.