Korporativ sektorun İT sahəsində xərcləri azalıb


Digərləri 08 Avq 2020 07:31:00 131 0

Korporativ sektorun İT sahəsində xərcləri azalıb

"Gartner" şirkəti bu il üçün korporativ informasiya texnologiyaları bazarının inkişafı üzrə yeni proqnoz dərc edib. Sahəyə pandemiya, özünütəcrid və mürəkkəb iqtisadi vəziyyət təsir göstərib.

Son.az ictnews.az-a istinadən bildirir ki, analitiklərin fikrincə, 2020-ci ildə korporativ İT seqmentində ümumi xərclər 2,7 trilyon dollar səviyyəsində olacaq. Gözləntilər özünü doğruldacağı təqdirdə ötən ilə nisbətdə azalma 8 faiz təşkil edəcək.

Dövlət sektorunda azalma nisbətən az olacaq - təxminən 0,5-0,6 faiz. Beləliklə, xərclər bir il əvvəlki 440 milyard dollara qarşı 438 milyard dollar səviyyəsində olacaq.

Şirkət ekspertlərinin fikrincə, dövlət İT sahəsində xərclər bütün istiqamətlər üzrə azalacaq. Belə ki, müxtəlif elektron qurğuların alışı üçün xərclər 8,3 faiz, data mərkəzləri məhsulları üçün 7,2 faiz azalacaq. Telekommunikasiya xidmətlərinin gəlirləri ötən illə müqayisədə 2,4 faiz aşağı düşəcək. Yalnız proqram təminatı kateqoriyasında xərclərin 4,4 faiz artımı proqnozlaşdırılır.

Lakin artıq 2021-ci ildə sahə pandemiyanın səbəb olduğu böhrandan çıxmağa başlayacaq. Belə ki, dövlət İT sektorunda xərclər illik hesablamada 3,3 faiz artaraq 452 milyard dollara çatacaq.