Kardioloq: Bəzən virus və ürək səbəbli təngnəfəslik yanaşı olur


Digərləri 07 Avq 2020 23:45:00 172 0

Kardioloq: Bəzən virus və ürək səbəbli təngnəfəslik yanaşı olur

Pandemiya dönəminin daha çox təsir göstərdiyi sahələrdən biri də kardioloji sahədir. COVID-19 xəstəliyi yanaşı xəstəliyi olanlarda, xüsusilə də ürək xəstələrində ağırlaşmış klinika ilə, bəzən isə mortallıqla nəticələnir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının mütəxəssis kardioloqu Sara Bayramzadə deyib.

O, hazırda kardioloqlara müraciət edənlərin sayının artdığını bildirib: "Əsas şikayətlər təngnəfəslik və zəiflikdəndir. Təngnəfəslik şikayəti ürək çatışmazlığında da müşahidə edildiyindən, koronavirusa yoluxduqlarından xəbərsiz olanlar təngnəfəslik əlamətlərinə görə kardioloqa da müraciət edirlər. Dəqiq diaqnoz isə müayinə zamanı aydınlaşır.

Bəzən isə həm ürək, həm də virus səbəbli təngnəfəslik yanaşı olur. Bu hal mütləq hospitalizasiya tələb edir".

Mütəxəssis vətəndaşların ürək xəstəliklərindən qorunması üçün önləyici tədbirlərin görülməsini də vacib sayır. Onun sözlərinə görə, qorunma tədbirləri ilk növbədə epidemioloji şəraitə uyğunlaşdırılmalıdır: "Ürək xəstələrinin ayrıca özəlliyi onlara təyin olunan müalicələrin mütəmadi davam etməsindədir. Eyni zamanda, vətəndaşlar virusun yaratdığı həyəcanı, təşviş hissini minimuma endirməyə çalışmalıdırlar. Hipertoniya xəstəliyi səbəbi ilə müalicə qəbul edənlərə AÇFİ qrup preparatları - lizinopril, ramipril, perindoprili alternativləri ilə əvəz etmək məsləhət görülür. Çünki həmin preparatlar koronavirusa yoluxmanı artıra bilər. Bu da ürək xəstələrində unudulan, lakin önəmli olan məsələdir.

Ümumiyyətlə, hamı bilməlidir ki, stress koronavirusdan qorunmada önəmli olan immun sistemini zəiflədir. Ona görə də mümkün qədər stressdən uzaqlaşmaq, pozitiv düşüncələrə köklənmək zəruridir.