Qərbi Avropa ölkələri anomal istilərə hazırlaşır


Dünya 07 Avq 2020 22:06:00 181 0

Qərbi Avropa ölkələri anomal istilərə hazırlaşır

Qərbi Avropanın bir sıra ölkələri yaxın günlərdə anomal isti hava şəraiti ilə qarşılaşacaq.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Fransanın meteorologiya xidmətləri avqustun 7-də isti hava şəraitinin pik həddə çatacağını proqnozlaşdırır. Bu səbəbdən ölkənin 40-dan çox departamentində yüksək təhlükə səviyyəsi elan olunub.

Fransanın qərbində yerləşən bəzi rayonlarda havanın hərarətinin 42 dərəcəyə çatacağı ehtimal edilir. Paris şəhərində və paytaxt regionunda temperatur 35 dərəcəyə qədər yüksələcək.

Avqustun 7-si İngiltərədə ilin ən isti günü olacaq. Meteoroloqlar müşahidələr tarixinin 2019-cu ilin iyul ayında qeydə alınan 38,7 dərəcəlik rekordunun yenilənəcəyini gözləyir.

İstirahət günlərində Belçika da isti hava şəraitinin təsirinə məruz qalacaq. Avqustun 9-da ölkənin bəzi rayonlarında temperatur bu ay üçün orta göstəricidən 14 dərəcə yuxarı qalxacaq.

Niderlandda, əsasən də Amsterdamda istirahət günləri 32 dərəcə isti gözlənilir.