"Payızda qrip başlayacaq, koronavirus da bu xəstəliklərə qoşulacaq"


Digərləri 07 Avq 2020 13:55:00 157 0

"Payızda qrip başlayacaq, koronavirus da bu xəstəliklərə qoşulacaq"

Bütün dünya payıza hazırlaşır.

Bu sözləri TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı jurnalistlərə açıqlamasında bildirib. Qurum sədri qeyd edib ki, ÜST-ün və digər beynəlxalq səhiyyə qurumlarının ölkəmizə dəvət edilən ekspertləri payız aylarına hazırlıqla bağlı tövsiyələr verirlər:

"Çünki xəstəliyin gedişatını öncədən proqnozlaşdırmaq çox çətindir. Virusun gələcəkdə mutasiyaya uğrama ehtimalı, payız aylarında ehtimal olunan digər respirator virus infeksiyalarla birlikdə gedişatı və s. problemlərə səbəb ola bilər. Bununla səhiyyə müəssisələrinin üzərinə düşən yük arta bilər. Bu baxımdan bütün ölkələr ehtiyat tədbirini görür".

Qeyd edək ki, artıq bir çox ölkələr payız, qış aylarında "Covıd-19"un ikinci dalğası ilə üzləşməmək üçün indidən hazırlıqlar görməyə başlayıb. Həmin tədbirlərdən biri də qripə qarşı peyvəndlə bağlıdır. Məsələn, qonşu Rusiya artıq sentyabr ayından qripə qarşı peyvənd kampaniyasına hazırlaşır. Ölkənin Səhiyyə Nazirliyinin infeksion xəstəliklər üzrə baş mütəxəssisi, Seçenov Universitetinin professoru Vladimir Çulanov bildirib ki, qrip əleyhinə peyvənd vurulmalıdır, xüsusən soyuq havaların başlaması ilə bədən zəifləməyə başlayanda:

"Bu il peyvənd kampaniyası sentyabrın əvvəlində başlamalıdır. Qrip peyvəndlərinin koronavirus infeksiyasının növbəti dalğasının qarşısının alınmasında effektivliyi sübut olunmayıb. Lakin tamamilə istisna edilə bilməz".

Bəs azərbaycanlı mütəxəssislər bu barədə nə düşünür? Qripə qarşı peyvənd vurdurmaq nə dərəcədə zəruridir? Bu yolla özümüzü koronovirusdan nə qədər sığortalaya bilərik?

Son.az bildirir ki, Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının dosenti, koronaviruslu xəstələrin müalicəsində iştirak edən Ədalət Rüstəm mövzu ilə bağlı "Yeni Müsavat"a danışıb. Həkim qeyd edib ki, mövcud qriplərə qarşı peyvənd vurulması müsbət haldır:

"Yəni 5-10 faiz onun effekti olur. Bu doğrudur ki, payız aylarında havalar soyuyan kimi qrip xəstəlikləri başlayacaq, o cümlədən də "Covıd-19" infeksiyası bu xəstəliklərə qoşulacaq. Bunun üçün ehtiyatlı davranmaq lazımdır".

Həkim adi qriplə "Covıd-19"u necə fərqləndirilməsindən də danışıb:

"Bunları bir-birindən ayırmaq ilk vaxtlar çətin olacaq. Lakin onların fərqli cəhətləri var və bu haqda artıq insanlar məlumatlıdır. Belə ki, "Covıd-19" qripində iy, dad bilmə hissiyyatı itir, öskürək davamlı olur, udqunmaq çətinləşir. Lakin adi qripdə simptomlar adətən yüngül keçir.