"Avstriya Hava Yolları" pandemiya ilə əlaqədar bir rüb ərzində 100 milyon avro zərərə düşüb


Dünya 07 Avq 2020 05:33:00 161 0

"Avstriya Hava Yolları" pandemiya ilə əlaqədar bir rüb ərzində 100 milyon avro zərərə düşüb

Koronavirus pandemiyası "Avstriya Hava Yolları" (AUA) aviaşirkətinə rekord səviyyədə maliyyə zərbəsi vurub. Təkcə bu ilin ikinci rübü ərzində aviaşirkət uçuşların ləğvinə görə 100 milyon avro itirib. Ötən ilin aprel-iyun aylarında isə şirkətin qazancı 46 milyon avro olmuşdu.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu ilin ikinci rübündə şirkətin dövriyyəsi də kəskin azalaraq 35 milyon avro təşkil edib (ötən ilin müvafiq dövründə isə 594 milyon avro). Dövriyyənin 95 faizini itirən AUA yalnız iyunun 15-də uçuşlara icazə verildikdən sonra müəyyən qədər vəsait əldə edə bilib.

Aviaşirkətdən bildirilib ki, ikinci rüb ərzində dörd milyon sərnişin əvəzinə cəmi 53 min sərnişinə xidmət göstərilib. Şirkətin maliyyə şöbəsinin rəhbəri Volfqanq Yaninin sözlərinə görə, normal fəaliyyət dövründə AUA bu qədər sərnişini cəmi 1,5 gün ərzində daşıyır.

Aviaşirkətdə yaranan maliyyə böhranı ötən aylarda Avstriya dövlətinin maliyyə yardımı və kreditlər ayırması ilə nəticələnmişdi. Məhz bu yardımlar sayəsində şirkətin əməkdaşlarının kütləvi şəkildə iş yerini itirməsinin qarşısı alına bilmişdi. Son 6 ay ərzində AUA əməkdaşlarının sayı 6999 nəfərdən 6756 nəfərə düşüb.