Azərbaycan istehsalı olan ikinci tanker inşasının növbəti mərhələsi üçün suya salınıb


Digərləri 06 Avq 2020 17:43:00 154 0

Azərbaycan istehsalı olan ikinci tanker inşasının növbəti mərhələsi üçün suya salınıb

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) sifarişi ilə "Bakı Gəmiqayırma Zavodu" MMC-də inşa edilən "Kəlbəcər" neftdaşıyan tankeri növbəti mərhələsinin tikintisinin aparılması üçün suya salınıb.

QSC-dən Son.az-a bildirilib ki, gəminin gövdə hissəsinin inşası 100% başa çatıb. Qalan tamamlanma işləri Gəmiqayırma Zavodunun yanalma körpüsündə davam etdiriləcək. Bu məqsədlə "Kəlbəcər" tankeri zavodun tikinti-quraşdırma sahəsindən üzən dok üzərindən hidravlik arabacıqlar vasitəsilə suya salınıb.

Bu gəminin konsepsiyası Odessa Dəniz Mühəndisliyi Bürosu və ASCO-nun təcrübəli mütəxəssisləri ilə birgə hazırlanıb. Volqa-Don MAX layihəsi olan gəmi maksimum yükgötürmə qabiliyyəti ilə Volqa-Don çayından keçmək imkanına malikdir.

Yeni nəsil "Kəlbəcər" tankerinin uzunluğu 141, eni 16.9, bortunun hündürlüyü isə 6 metrdir. 15 nəfərlik heyətlə idarə edilən gəmi saatda 10 knot sürətlə hərəkət edə biləcək. Tanker xam neft və neft məhsulları daşınması üçün nəzərdə tutulmuş ümumi tutumu 9212 kub metr olan 6 yük çəninə malikdir. Dedveyti dənizdə 7,875 T və çayda 5,447 T olan gəmi hər biri 1,200 kW gücə malik iki ədəd "Wartsila" istehsalı mühərriklərlə təchiz edilib.

Zavodun yanalma körpüsündə istismar sınaqları başa çatddıqdan sonra "Kəlbəcər" tankerinin dəniz-istismar sınaqlarına başlanacaq.

Yeni nəsil "Kəlbəcər" tankerinin xarici sularda istismarı nəzərdə tutulur.