TANAP gündəlik qaz axınının maksimum səviyyəsinə çatdı


Digərləri 06 Avq 2020 11:11:00 117 0

TANAP gündəlik qaz axınının maksimum səviyyəsinə çatdı

Azərbaycan qazını Avropaya nəql edən Cənub Qaz Dəhlizinin ən uzun hissəsi olan Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) iyul ayında gündəlik qaz axınına maksimum səviyyəsinə çatdı.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin Energetika və təbii sərvətlər naziri Fatih Dönməz bildirib.

O qeyd edib ki, 30 iyun 2018-ci il tarixində TANAP vasitəsilə Türkiyəyə qaz tədarükünün başlanmasından indiyədək bu ölkəyə təxminən 6,2 milyard kubmetr qaz verilib.

"30 iyun 2018-ci ildə gündəlik 4.7 milyon kubmetr qaz axını ilə başladıq. Bu həcm tədricən artmağa doğru getdi. 1 iyul 2019-cu ildə 11.3 milyon kubmetrə çatdı və 1 iyul 2020-ci ildə maksimum 17 milyon kubmetr səviyyəsinə çatdıq", - nazir qeyd edib.

Donmez, TANAP-ın Avropada enerji mənbələrinin şaxələndirilməsində mühüm rol oynadığını vurğuladı.

Xatırladaq ki, TANAP qaz boru kəmərinin birinci hissəsinin (Faza-0) istismara verilməsi 12 iyun 2018-ci ildə Türkiyənin Eskişehir vilayətində baş tutdu və 2018-ci il iyunun sonundan etibarən Türkiyəyə ticari qaz tədarükü başladı.

TANAP-ın ikinci hissəsinin (Mərhələ-1) açılış mərasimi 30 noyabr 2019-cu ildə Türkiyənin Edirne əyalətinin İpsala bölgəsində baş tutdu.