ABŞ Ramzan Kadırova viza məhdudiyyətləri tətbiq etdi


Dünya 04 Avq 2020 20:16:00 147 0

ABŞ Ramzan Kadırova viza məhdudiyyətləri tətbiq etdi

ABŞ-ın "Kadırovun on ildən çoxdur davam edən çoxsaylı insan hüquqlarının kobud pozuntularına, işgəncə və məhkəmədənkənar qətllərə görə məsuliyyət daşıdığı barədə geniş məlumat var."

"Qanun sipəri və ədalət adı altında tiranlıqdan daha böyük bir zülm yoxdur" - deyə, böyük fransız siyasi filosofu Monteskye yazırdı.

Rusiyanın Çeçenistan Respublikasının avtoritar lideri Ramzan Kadırovun repressiv rejimini təsviri üçün bundan daha yaxşı yol ola bilməz.

Bu səbəbdən ABŞ Kadırov və ailəsinə Çeçenistan xalqının insan haqlarını kobud şəkildə pozduğuna görə yeni viza məhdudiyyətləri tətbiq edib. Bu, Kadırov, həyat yoldaşı və iki yetkin qızının ABŞ-a girişinə mane olur.

ABŞ dövlət katibi Mayk Pompeo sanksiyalarla bağlı açıqlama verərkən ABŞ-ın "Kadırovun işgəncə və məhkəmədənkənar qətllər daxil olmaqla, on ildən çoxdur davam edən çoxsaylı insan hüquqlarının kobud pozulmasına görə məsuliyyət daşıdığı barədə ətraflı məlumatı var. Bunlara LGBTI üzvlərinin kütləvi şəkildə həbsi və işgəncə verilməsi barədə etibarlı məlumatlar daxildir" - deyə, o bildirib.

2018-ci ildə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Çeçenistanın insan haqları pozuntuları ilə əlaqədar istintaqın nəticəsi olaraq "təcavüz və təqib, özbaşına və ya qeyri-qanuni həbslər, işgəncə, yoxaçıxmalar və məhkəmədənkənar edamların "cəzasızlıq mühitində" baş verdiyini bəyan etmişdi.

Çeçenistandakı sui-istifadə halları barədə danışması Kadırovun tənqidçilərinə baha başa gəlir. 2017-ci ildə Kadırovun təhlükəsizlik xidmətləri ilə əlaqəsi olan bir neçə çeçen Rusiya müxalifət lideri Boris Nemtsovu öldürməkdə günahlandırılmışdı.

2009-cu ildə "Memorial" insan hüquqları qrupunda işləyən Natalya Estemirova Çeçenistandakı evindən qaçırılaraq öldürülmüşdü. Son illər Avropada mühacirətdə yaşayan Kadırovun çoxsaylı tənqidçiləri də öldürülüb.

Bu yaxınlarda Kadırov bir çox digər avtoritar liderlər kimi koronavirus pandemiyasından Çeçenistan xalqına qarşı təzyiqlərdən bəhanə kimi istifadə edir. Mətbuatda yayılan məlumatlara görə, Kadırov onun hökumətinin insanları COVID-19 üçün testlərdən çəkindirmək səyləri barədə məlumat verən jurnalistləri təhdid edərək, bu jurnalistləri "dövlətin düşmənləri" adlandırıb.

ABŞ hökuməti Kadırova insan haqlarının kobud şəkildə pozulmasının onun və ailəsi üçün fəsadları olacağını bildirmişdi. Birləşmiş Ştatlar bu kimi mənfur davranışlarla məşğul olanların cavabdehliyini artırmaq üçün əlindəki bütün vasitələrdən istifadə edəcək.

Birləşmiş Ştatlar Rusiya hökumətini Çeçenistandakı insan hüquqlarının pozulmasına görə heç kimin cəzasız qalmamasına və Rusiyada, o cümlədən Çeçenistanda hər kəsin qisas qorxusu olmadan fundamental azadlıqlarını həyata keçirmələrini təmin etməyə çağırır.