5 ay çəkən karantin, nə istədiyini bilməyən insanlar,


Digərləri 04 Avq 2020 12:57:00 219 0

5 ay çəkən karantin, nə istədiyini bilməyən insanlar,

Karantin sözü italyan dilindən tərcümədə 40 gün mənasını versə də, artıq 8 aya yaxındır ki, koronavirusa görə dünyanın müxtəlif ölkələrində, müxtəlif formada sosial izolyasiya tədbirləri həyata keçirilir.

Bu üsulun sınaqdan keçirilməsi əsasən, koronavirus barədə dəqiq məlumatın olmaması, virusun hələ tam dəqiqliyi ilə öyrənilməməsi ilə bağlıdır. Dünyada virusla mübarizə üçün tətbiq olunan karantin rejimi narazılıqlara, işsizliyin artmasına gətirib çıxarıb. Bu mübarizə üsulu yoluxma sayına müəyyən qədər təsir etsə də, digər problemlərin qabarmasına, xüsusilə stressin artmasına səbəb olur. Bu səbəbdən də müəyyən yumşalmalar qaçılmazdır.

Pandemiya ilə əlaqədar mart ayından etibarən Azərbaycanda karantin rejimi tətbiq olunur. Uzun müddətdir ki, ölkəmizdə toyların, kütləvi tədbirlərin keçirilməsi, idman zallarından istifadə, rayonlara gediş-gəliş qadağandır. Qısa müddətli yumşalmalar olsa da, statistikadan göründüyü kimi, gözlənilən effekt verməyib. Hətta Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində də ilk yumşalmanın səhv qərar olduğu bildirilib.

"Dünyada insanların istər sosial, istər iqtisadi həyatında çox ciddi dəyişikliklər baş veribdir və proses hələ də davam etməkdədir. Biz sərt karantin rejimində uzun müddət yaşaya bilmərik. Bir sıra psixoloji və digər faktorlar bizim bu vəziyyətdən tədricən çıxmağımızı şərtləndirir", - Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqlərinin birində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı deyib.

Uzun müddət karantin rejimində yaşamaq stressə səbəb olduğundan, xüsusilə də yay aylarında günəş şüalarının qəbulundan məhrum olmaq immunitetin zəifləməsinə gətirib çıxardığından ölkəmizdə yenidən müəyyən yumşalmalar həyata keçirilib ki, bu da sms icazənin ləğvi və çimərlik məhdudiyyətinin aradan qalxmasıdır. Belə ki, artıq vətəndaşlar günün çox hissəsini açıq havada, parklarda, çimərliklərdə rahat şəkildə keçirə bilər.