Nevropatoloq: Depressiya demensiyanı imitasiya edə bilir


Digərləri 03 Avq 2020 19:49:00 190 0

Nevropatoloq: Depressiya demensiyanı imitasiya edə bilir

Demensiya xroniki gedişli ümumi əlamətlərlə müşayiət olunan, koqnitiv funksiyaların tədricən azalmasına səbəb olan xəstəlikdir. Diaqnozu kliniki laborator və nevroloji təzahürlərə görə qoyulur. Demensiya istənilən yaşda yarana bilər. Lakin əsasən yaşlılarda qeydə alınır və onların əksəriyyətinə mütləq evdə nəzarət etmək lazım gəlir.

Son.az bildirir ki, bu barədə AZƏRTAC-a Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının nevropatoloqu Yeganə Rəşidova məlumat verib.

O bildirib ki, demensiyanın bir neçə forması var. Bunlara Altsheymer xəstəliyi və onabənzər forması, beyin qabıq və qabıqaltı forması, geridönməz və potensial geri dönə bilən forması, tez-tez rastgəlinən və nadir rastgəlinən formaları aiddir. Ümumiyyətlə demensiyanı ağıl zəifliyi ilə qarışdırmaq olmaz. Demensiya əsasən yaddaşa təsir edir. Bu, baş beynin anatomik dəyişikliyinə bağlıdır. Proses tədricən inkişaf edir və əsasən geri dönmür. Əsasən diqqət pozulması olur ki, bunu bəzən delireya, yəni ağıl zəifliyi ilə qarışdırırlar. Delireyada da diqqət pozulması olur, kəskin xəstəliklər, beynin toksiki zədələnməsi zamanı yaranır və çox vaxt geri dönən olur. Hər iki xəstəliyi bir-birindən fərqləndirmək olar.

Onun sözlərinə görə, demensiyanın əmələ gəlməsi birincili neyrodegenerativ xəstəliklər və digər səbəblərdən baş verə bilər: "Həmçinin demensiya Parkinson, Gentinqton xəstəliklərinin, proqressivləşən qabıqaltı iflicin, o cümlədən bir neçə səbəbin təzahürü kimi üzə çıxa bilər.

Beynin bir sıra orqanik xəstəlikləri - normotensiv hidrosepaliya, xroniki subdural hematoma, metobolik pozulmalar, hipotireoz, xroniki defisitli zəhərlənmələr və s. koqnitiv funksiyaların tədricən azalmasına səbəb olur, lakin əsas müalicədən sonra bərpa olunur. Depressiya demensiyanı imitasiya edə bilir. Ona görə də bəzən bunu psevdodemensiya da adlandırırlar. Bu iki xəstəlik çox vaxt tez-tez bir-birini müşayiət edir. Həmçinin depressiya demensiyanın ilk simptomu da ola bilər.

Demensiyanın ilkin əlamətlərinə yaddaşın itirilməsi, getdiyi yerdən qayıdarkən səhvə yol vermək, ünvanı çaşdırmaq, adları və yerləri xatırlaya bilməmək, danışmaq, oxumaq, yazmaq qabiliyyətinin azalması, daha çox beynin emosiyalara nəzarət edən hissəsi zədələnənlərdə müşahidə olunan emosional dəyişikliklər aiddir. Demensiyalı insanlarda qorxu, qəzəb, kədər, sevinc hissləri tez-tez təkrarlanır. Sonrakı vaxtlarda əlamətlər şəxsi problemlər daşıyır və getdikcə onlar başqalarından asılı vəziyyətə düşürlər.

Diaqnozu əsasən kliniki əlamətlərə, geniş anamnestik məlumatlara və laborator və bir sıra müayinələrə əsasən qoyulur. Lakin demensiyanın sadə bir testi yoxdur.